Bu reallıq dəyişməyəcək: “...Zəfərimiz dünya tarixinə həkk olundu”

“Bildiyimiz kimi, sabah həmrəylik günümüzdür. Açıq danışaq ki, bu günü 1991-ci ildən başlayaraq 30 il ərzində qeyd etsək də, bu il olduğumuz qədər heç vaxt, xüsusilə də, xalqımız üçün taleyüklü olan Qarabağ məsələsi ilə bağlı həmrəy olduğumuzu nümayiş etdirə bilməmişdik. Bu il, dünyanın ən böyük xalqı kimi, hamılıqla bunu bacardığımızı isbat etdik və bəşəriyyəti cənginə alan pandemiyaya baxmayaraq, əsas düşmənimizin üzərində möhtəşəm qələbəni qazandıq. Qələbəmizi təmin edən bu həmrəyliyimizin, birliyimizin və bir “dəmir yumruq” kimi birləşməyimizin təşkilatçısı Azərbaycan xalqının lideri Prezident İlham Əliyev oldu”.
 
“Sherg.az” xəbər verir ki, bunu politoloq Xəyal Bəşirov deyib. 

O qeyd edib ki, azğın düşmənlərimizin təhlükəli təxribatları davam etsə də, bir reallıq dəyişmir və heç vaxt da dəyişməyəcək: Azərbaycan işğalçı Ermənistan üzərində 44 gün ərzində möhtəşəm qələbə qazandı. İşğalçı dövlətin ordusunu darmadağın edərək onu kapitulyasiyaya məcbur etdi:

“Bu, bizim üçün məğrurluq, düşmən üçün isə rəzalət faktı kimi artıq dünya tarixinə həkk olundu. Qələbəmizlə nəticələnən bu müharibədə iştirak edən hər bir qəhrəman övladımız, Azərbaycan xalqı və dövləti tərəfindən layiqli mükafatını almaqdadır.

Onların hər biri buna layiqdir və onlara verilən mükafatları artıqlaması ilə haqq ediblər. Bununla belə, biz xalq və dövlət olaraq daim onlara borclu qalacağıq. Ancaq bu müharibədə bir şəxsiyyət də vardır ki, o bu qələbəmizin memarıdır.

Bu şəxs, qalib ordumuzun müzəffər Ali Baş Komandanı, zəfər qazanmış xalqımızın yenilməz lideri və zəfər çalmış dövlətimizin məğrur Prezidenti İlham Əliyevdir! Hesab edirəm ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevə "Ümummilli Qəhrəman" adının verilməsini doğru olardı.

Təbii ki, belə bir rəsmi təltif və onun rəmzi nişanı olmasa belə, xalqımızın və insanlarımızın qəlbində qazanılan təltif istənilən rəsmi addan daha üstün və daha dəyərlidir”.