Sevgi dolu ADAM: Nə yaxşı ki, belə bir şəxsiyyətin yanındayam      

   
Teymur Əhmədovun çox titulları var. Bu gerçəkləri hamı bilir. Amma məni həmişə bu qocaman elm fədaisinin insanlığı, şəxsiyyəti, vətəndaş mövqeyi, atalıq qayğısı düşündürüb. Həyat yolumdan belə bir şəxsiyyət keçdiyinə görə çox qürurluyam, şanslıyam. Onun haqqında bitib tükənməyən sözlər demək olar. Mənim üçün o əvəzsiz Baş redaktor, qayğıkeş və sözün həqiqi mənasında böyük insandır. «Respublika» qəzetinin redaksiyasına gələndə mən universiteti yenicə bitirmişdim. İlk dəfə Teymur müəllimin otağına daxil olanda gördüm ki, qəzetin maketini çəkir və axşama olan səhifəni hazırlayır.

O nurlu insanla bir qədər söhbət etdik, beləcə tanış olduq.  Mənə işimin mahiyyətini başa saldı. Sonra mövzu verib yola saldı ki, yazmağa başlayım. Elə oradaca Teymur Əhmədovun xarakterinə, üzündəki nura heyran qaldım. İnsan necə səmimi, necə alicənab və sadə olarmış. Təbii ki, hər kəs baş redakorunu ilk dəfə görəndə həyəcan və qorxu hissi keçirir ki, görəsən, necə bir insandır? Ancaq onun gülərüzlüyü, mehribanlığı və əsl bir ata nəvazişi  məni daha da ruhlandırdı. Beləliklə, bu redaksiyaya layiq əməkdaş olacağıma söz verdim. Elə o gündən redaksiyada bir ailə doğmalığı, bir ocaq istiliyi gördüm. Yalnız sonralar anladım ki, bu mününasibətlər, belə bir ailə ortamı məhz Teymur Əhmədovun sayəsində yaranıb.
 
 O zamanlar  mən Azərbaycan dilində yazı yazmağa  çətinlik çəkirdim, çünki rus təhsilli idim. Ancaq Teymur müəllim səbrlə mənə səhvlərimi başa salırdı, tələsməməyi və həvəslə yazmağı tövsiyə edirdi. Bu gün mənim öz ana dilimizdə sərbəst  yazmağım, hansısa məqaləyə imza atmağım və fikrimi ifadə etməyim məhz Teymur Əhmədovun əzmkarlığı sayəsindədir. O öz xalqına, dilinə, ədəbiyyatına vurğun bir insan olduğu üçün, böyük sevgi və həvəslə məni də öyrədib, izah etməyə çalışırdı. Hər hər dəfə mənə yazı verəndə deyirdi: “Bax, ən əsası, tələsmə, sözün anlamını öyrən, həvəslə yaz, kitablar oxu, belə olarsa həm səhvin az, həm də yazdığın anlaşıqlı olacaq”.

Teymur müəllimin dediklərini yadımda saxlamaq üçün  həmişə dəftərçəmdə qeydlərimi edirdim. Demə, gərgin, tələm-təsəlik qeydlər apardığıma, qələmi tutanda barmaqlarımı bir-birinə sıxmağıma fikir verirmiş.  Birdən Teymur müəllim məni dayandırırdı, dedi ki, "heç vaxt qələmi bərk sıxma, nə qədər gərgin yazsan o qədər tez yorulacaqsan. Sanki bir pedaqoq öz şagirdinə düzgün yazmağı başa salırdı.... Mən də Teymur müəllimin dediyi kimi yazdım, görürdüm ki,  doğrudan da , gərgin və tez yazı yazmaq insanı çox yorur, fikirlər qarışır. 
 
Teymur müəllimin özü isə çox rahat, yorulmadan yazırdı. Bəzən 20-30 səhifə hekayə və ya məqalə ərsəyə gətirirdi. Mən onun yazı üslubunu diqqətlə izləyirdim. Sanki qələm heç kağıza dəymir, sözlər öz-özünə axıb vərəqələrə hopurdu. 
 
Onun yazılarında, kitablarında, məqalələrində  sadə və anlaşıqlı bir üslub var. Mən Teymur Əhmədovun neçə-neçə kitabları ilə tanış olmuşam, sanki gözümün qarşısından bir kino lenti keçir. Hətta biz birlikdə bir neçə albom-kitab hazırlamışıq. Hər kitabda mən onun necə öz böyüklərinə hörmət və ehtiramla yanaşdığının şahidi olmuşam. Heç vaxt müəllimlərini unutmur,  dahi insanlar haqqında xoş xatirələrini bölüşür və biz də onun sayəsində tarixi şəxsiyyətləri tanıyırıq.  Həvəslə işlədiyim kitablardan biri də Teymur Əhmədovun həyat yolu haqqında olan «Mənim həyatım»dır.  Orda  uşaqlıq xatirələrini,  kənd həyatında başına gələn hadisələri, sonra məktəb və universitet illərini elə ehtiramla izah edir ki, adam heyran qalır, qibtə edir. Teymur müəllimin şıltaq, qayğılı uşaqlığı gözümün önündə canlanır.  Müharibə dövrünün çətinliklərini daha dərindən hiss edirəm. Kəndin təsvirini elə gözəl şəkildə ifadə edir ki, sanki mən də həmin kənddəyəm,  bulaqların şırıltısını, yarpaqların pıçıltısını canlı hiss edirəm.

  Bəzən biz cavanlar bir az çılğın, bir az aqressiv oluruq. Hansısa bir işin qarşısında və ya nəyəsə sərt  reaksiya veririk. Onda Teymur müəllim yanına çağırır. Deyir ki, "bax, cavansan, heç nəyə əsəbləşmə bütün insanlar eyni olmur,  onun üçün də soyuqqanlı, daha anlayışlı olmaq lazımdı, yoxsa sən qarşına çıxan problemləri heç vaxt həll edə bilməzsən və çətinliklər qarşısında aciz qalarsan".
Teymur müəllim bizim qayğımıza  o qədər həssaslıqla yanaşır ki, sanki öz ailəmizin içindən olan bir insandır. Nə qədər dünya görmüş insan olsa da, könlümüzü xoş tutmaq naminə bəzən hətta bizdən məsləhət də alır.  Əlbəttə, məsləhətə ehtiyacı yoxdur, bu sadəcə Teymur müəllimin bizə verdiyi dəyərdir. Onun üçün hər kəsin fikri çox önəmlidir. Bu da onun necə böyük şəxsiyyət olmasını bir daha təsdiq edir. 
Qəbul otağının qarşısında həmişə çox insan olur: Teymur Əhmədovun yanına gəlib ondan məsləhət alır, ya da hansısa problemini danışıb onun həllinə nail olurlar. Bəzən elmi sahədə özlərinə yol göstərməyini xahiş edirlər, ya da sadəcə salam verirlər. Çıxanda da deyirlər ki,  bu gün Teymur Əhmədovun xeyir -duasını aldımsa, deməli, işlərim yaxşı gedəcək. Düzü, mənə çox qəribə gəlirdi ki, bir insanda bu qədərmi səbr var; hər kəsi ayrı -ayrılıqda dinləsin, ona köməklik göstərsin. Teymur müəllim insanlara fərq qoymur, uşaqla uşaq, böyüklə böyük olur.  Bəzən qəbula gələnlərdən kimsə yanında nəvəsini gətirir, onu mütləq otağa dəvət edir, şirniyyat, rəsm çəkmək üçün bloknot və rəngli qələmlər verir. Uşağı xoş dillə danışdırır və  dostlaşır.  Ən saf varlıqlar olan uşaqlar da həmin sevgini hiss edirdilər və ərkyana Teymur Əhmədovla şirin-şirin söhbət edirlər.  Ona “baba” deyə müraciət edirlər. Heç kimin xətrinə dəymir saatlarla qulaq asır və çətinliklərin öhdəsindən gəlməsi üçün bir böyük, ağsaqqal məsləhəti verir. 

Teymur müəllim həm də çox kövrək və həssas insandır. Bu xüsusiyyəti onu daha da ucaldır.  Düşünürəm ki, əgər bir idarədə belə rəhbər varsa, deməli, o idarə hər bir işin öhdəsindən gələcək və irəliləyəcək. 
 Redaksiyamızda olan hər kəs bunu təsdiq edə bilər ki, biz məhz Teymur müəllimin humanistliyi, müdrikliyi,  savadı və çalışqanlığı sayəsində «Respublika» qəzetində əl-ələ verib çalışırıq. Onun yetişdirdiyi kadrlar həm elmdə, həm də mətbuatda öz sözünü demiş insanlardır.  Fəxr edirəm ki, Teymur Əhmədov kimi böyük şəxsiyyətlə işləmək mənə nəsib olub.  Onun öyrətdikləri, yol göstərdiyi hər bir məqam mənim üçün çox dəyərlidir. Teymur müəllimlə işləmək,  xeyir -duasını almaq mənim üçün çox önəmlidir. Çünki onun üzərimdəki əməyi sayəsində həyata yeni gözlə baxmışam, bilmədiklərimi öyrənmişəm və cəmiyyətdə öz yerimi tutmuşam.  Teymur Əhmədov çox az rast gəlinən tarixi bir şəxsiyyətdir. Allahdan ona sağlam can və hər işində uğurlar arzu edirəm! 

Fürsətdən istifadə edib  Teymur müəllimi cənab Prezidentin sərəncamı ilə  “Şöhrət” ordeninə layiq görülməsi münasibətilə təbrik edir, ona candağlığı, daha böyük nailiyyətlər diləyirəm.

Arzu Əliyeva