“Qarabağ klanı” Armeninin “dili” ilə danışır: “Paşinyan “top”un qabağına verilir...”

“Onlar çox çalışsa da, Paşinyanın kəndirini kəsə bilmədilər”

“İndiki məqamda Paşinyan Rusiyaya daha çox sərf edir. Kreml müəyyən müddətədək baş naziri “toxunulmaz” etməyə çalışır”

 “Kimsə erməni xalqının rifahını düşünmür, məqsəd siyasi hakimiyyəti ələ keçirməkdir"



Məlum olduğu kimi Ermənistan prezidenti Armen Sarkisyan ölkənin böhranlı durumu barədə arqumentli, əsaslandırılmış faktlarla danışıb. Sarkisyan deyib ki, Ermənistan hərətərəfli böhranın məngənəsindədir. Prezident hər kəsin gözü qarşısında etiraf edib ki, Azərbaycan ordusu Ermənistan ordusundan 10 dəfələrlə güclü olub.


Xüsusən, son model dronlar Ermənistan ordusu üçün fəlakətə çevrilib. O, əlavə edib ki, Azərbaycan Ermənistana qarşı informasiya hücumları həyata keçirir, Ermənistanda isə qüvvələr bir-birini ittiham edir. 

Sarkisyanın acı etiraflarını “Sherg.az”a dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, Armen Sarksiyan sabiq prezident Serj Sarkisyanın bir nömrəli adamıdır. Ekspertin sözlərinə görə, Ermənistanda idarəetmə sistemi dəyişdikdən, yəni parlamentli respublikaya keçid etdikdən sonra Serj Sarkisyan baş nazir, Armen Sarkisyan isə prezident oldu: 

“Serj Sarkisyan baş nazir vəzifəsindən istefaya getdi. Amma prezident postu simvolik xarakter daşıdığı üçün Nikol Paşinyan onun üzərinə çox getmədi. Müharibədən və Ermənistanın ağır duruma düşməsindən sonra Armen Sarkisyan fəallaşdı.

Əslində onu qulluq etdiyi “Qarabağ klanı” səhnəyə sürdü. Moskvaya səfər edərək orada Paşinyan hökumətinin yarıtmaz siyasətindən və istefasının zəruri olduğundan danışdı. Onu danışdıran Koçaryan-Sarkisyan cütlüyüdür.

Əvvəlcə prezidenti “Avropa turuna” çıxardılar. Çox çalışsa da, Paşinyanın kəndirini kəsə bilmədi. Sonra Moskvaya yollandı, lakin siyasi konyuktura dəyişdiyi üçün onun Rusiya səfəri də effektli olmadı. İndiki məqamda Paşinyan Rusiyaya daha çox sərf edir. Kreml müəyyən müddətədək baş naziri “toxunulmaz” etməyə çalışır”. 

Analitik bildirib ki, Armen Sarkisyanın Ermənistanla bağlı dedikləri həqiqətdir. Amma istənilən halda prezident kimi də o da məsuliyyət daşıyır:

“Bütün təyinatlarda onun razılığı, imzası var. Görünən odur ki, Sarkisyan günahı öz boynundan atmağa, topun qabağına Paşinyanı qoymağa çalışır. Müharibə dövründə ölkəyə rəhbərlik etmiş bir şəxs yaxasını kənara çəkə bilməz.

Əgər problemlər var idisə, vaxtında addım atardı, çıxış yolu tapardı, Paşinyan hökumətini xəbərdar edərdi. Onun Koçaryan-Sarkisyan cinayətkar qruplaşmasının təlimatı ilə danışdığı erməni xalqına, siyasi dairələrə də məlumdur.

Kimsə erməni xalqının rifahını düşünmür, məqsəd siyasi hakimiyyəti ələ keçirməkdir".