“Azərbaycan qlobal layihələrlə məşğuldur” – Nüfuzumuz artır !

"Azərbaycanın dünyadakı nüfuzu ilbəil artmaqda davam edir".

Bu barədə "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunjşun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Politoloq vurğulayıb ki, bütün bunlar dövlət başçısının apardığı rasional və praqmatik daxili və xarici siyasətlə bağlıdır:

"Təsadüfi deyil ki, bugünlərdə dünyanın bir sıra nüfuzlu nəşrləri Azərbaycan Prezidenti İlham Əliyevi “İlin siyasətçisi” adlandırırlar. Ölkə daxilində də il ərzində aparılan sosioloji sorğular bir daha göstərir ki, Prezident İlham Əliyevə xalq tərəfindən verilən dəstək birmənalıdır. Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasət kursunu dəstəkləyir və onun yanındadır.



Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Bu gün Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsinin şahidiyik. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq böyük, qlobal layihələrlə məşğuldur. Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir".

Analitik bəyan edib ki, bu proseslərdə beynəlxalq güclərin, dünyadakı qrupların, elitaların rəyləri vacibdir:

"Təsadüfi deyil ki, son illər ərzində Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, TAP, TANAP və digər qlobal layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən ümumdünya erməniləri tərəfindən ciddi qıcıqla qarşılandı. 2020-ci il ərzində də həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi, başda TAP kimi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli layihə olmaqla, müxtəlif enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə əngəl törədilməyə çalışılsa da, buna nail ola bilmədilər. Bundan başqa, son 1 il ərzində məhz Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində apardığı informasiya siyasəti nəticəsində artıq dünya Ermənistanı və erməniləri “yazıq və əzabkeş xalq” kimi deyil, əksinə, təcavüzkar və terrorçu, faşist obrazında tanımağa başlayıb. Məhz prezident İlham Əliyevin müxtəlif kürsülərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışları sayəsində dünya həqiqətləri gördü.

Müharibə dövründə dünyanın ən mötəbər 26 media qurumlarına müsahibə verən Prezident Ermənistanın hərbi əməliyyatlar zamanı Azərbaycanla bağlı bütün yalanlarını alt-üst etməyi bacardı".