Millət vəkili: Prezidentin siyasətinin mərkəzində vətəndaşların mənafeyi dayanır

 "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət geniş sosial məzmunu ilə diqqəti cəlb edir".

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Deputat bildirib ki, ölkənin dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır:

"Bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Vətən müharibəsi dövründə mülki əhaliyə, sahibkarlara, o cümlədən dövlət əmlakına və digər infrastrukturlara dəymiş ziyanın qarşılanması və problemlərinin həlli dövlətimizin diqqət mərkəzindədir. Prezidentin hər zaman ifadə etdiyi kimi, "Azərbaycanın dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır". Bu mənada, qeyd olunan istiqamətlərdə bir sıra tədbirlərin həyata keçirilməsi üçün ölkə başçısı tərəfindən müvafiq sərəncamların imzalanması dövlətimizin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğını növbəti dəfə bariz şəkildə nümayiş etdirir. Dövlət başçısının tapşırıqları əsasında müharibə nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat maddi yardımın ayrılması qərara alınıb. Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Parlamentdə təmsil etdiyim Goranboy rayonunda və Naftalan şəhərində xüsusi Komissiya yaradılıb. Komissiya Goranboy rayonunda 366 ailəni qeydiyyata alıb. Onlardan 5 ailənin evi tamamilə dağıdılıb. Qeyd olunan ailələrin yaşayış evlərinin bərpası üçün Prezidentin Sərəncamı ilə 421 min 500 manat ayrılıb".

Parlament üzvü vurğulayıb ki, “Yaşat” fondu tərəfindən Goranboy rayonunda, Naftalan şəhərində şəhid ailələri və qazilərin qeydiyyatı işləri davam etdirilir:

"Birinci Qarabağ savaşında olduğu kimi, Vətən müharibəsində də qəhrəman goranboylular və naftalanlılar istər ön cəbhədə, istərsə də arxa cəbhədə öz qəhrəmanlıqlarını bir daha göstərdilər. Cəbhəboyu ərazilərdə yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə əsaslı mülki müdafiə tədbirləri həyata keçirildi. Bu məqsədlə, 25 zirzəmi təmir edildi, lazımı avadanlıqlarla təchiz olundu. 6356 sığınacaq qazılaraq müəyyən qabaqlayıcı təhlükəsizlik tədbirləri görüldü. Göründüyü kimi, zərərçəkmiş vətəndaşlarımıza dəyən ziyan ayrı-ayrı komponentlər üzrə xüsusi diqqətlə qiymətləndirilir. Bundan sonrakı mərhələdə də vəziyyətə uyğun olaraq növbəti addımlar atılacaq. Bütün bunlar bir daha Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın mənafeyinin prioritet olduğunun göstəricisidir".