TAP-ın ərsəyə gəlməsi əsas ixrac xəttimiz olacaq

"Bu da o deməkdir ki, təbii qazımızın ixracından ölkəmizə əlavə valyuta gələcək”

 Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra İtaliyaya, Yunanıstan və Bolqarıstana çatdırılıb.



Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir. Köhnə qitə üçün Azərbaycanın əhəmiyyəti daha da artacaq. TAP-ın idarəedici direktoru Luka Şieppati deyib ki, TAP qitənin qaz şəbəkəsinin ayrılmaz parçasıdır və enerji tranzitinin yol xəritəsinə töhfədir: "Biz Çənub-Şərqi Avropaya və digər ölkələrə etibarlı, birbaşa və əlverişli nəql marşrutu təklif edirik”.
Qeyd edək ki, TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün bazar araşdırmasının ikinci mərhələsi 2021-ci ilin yay aylarında başlanacaq.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 faizini TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır.

Millət vəkili, iqtsadçı Azər Badamov "Sherg.az"a deyib ki, TAP-ın icra olunması Azərbaycanın Avropaya birbaşa boru vasitəsi ilə birləşdirilməsi deməkdir.

Deputatın sözlərinə görə, bu, həm də Xəzər dənizində istehsal olunan təbii qazın Azərbaycan vasitəsilə Qərb ölkələrinə çatdırılmasıdır:

"Azərbaycan özünün karbohidrogen ehtiyatlarının ixracı ilə bağlı heç bir ölkədən asılı deyil. Ölkəmizin özəl nəqliyyat-ixrac boru kəmərləri var. Xüsusən də TAP-ın ərsəyə gəlməsi vacib bir layihədir. Çünki nefti tankerlərlə ixrac etmək mümkündür. Ancaq təbii qazın ixracında boru kəmərlərinin olmaması ölkənin ixrac potensialını kifayət qədər məhdudlaşdırır. Bu gün TAP-ın ərsəyə gəlməsi və istifadəyə verilməsi Azərbaycanın Xəzər dənizində istehsal olunan təbii qazının Avropaya çatdırılmasında önəmli rol oynayacaq. İxrac potensialımızın artmasına öz töhfəsini verəcək, əsas ixrac xəttimiz olacaq. Bu da o deməkdir ki, təbii qazımızın ixracından ölkəmizə əlavə valyuta gələcək”.