Qələbənin dəyəri: “Ən böyük general, bizim general”


Tarix 14 iyul 2020-ci ili göstərir. Bir azdan Azərbaycan xalqı “yuxudan ayılacaq”. 
Doğrudan 30 ildən sonra oyandıq. Kim olduğumuzu dərk edib, ayağa qalxdıq. Niyə? Çünki həmin gün general-mayor Polad Həşimov şəhidlik zirvəsinə ucaldı. Polkovnik İlqar Mirzəyevlə birgə qəhrəmancasına şəhid oldular. Millətimiz bu kədərli xəbərlə sarsıldı, generalın şəhadəti əvvəlcə Qarabağ yürüyüşünə, sonra isə qələbəyə təkan verdi.





 Kim bilərdi ki, aylar sonra ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başlayıb, Qarabağı geri qaytaracaq. Bakıda zəfərimizi qeyd edib, tarixi parad keçirəcəyik. İşğaldan qurtulan torpaqlarda bayrağımız dalğalanacaq. Bizi oyadan generalımızın doğum günündə - yanvarın 2-də ikinci Fəxri Xiyabana toplaşıb, həm digər şəhidlərimizi, həm də Polad Paşamızı anacağıq. 14 iyul gözümüzü açanda bütün bunların olacağını bilmirdik.
Hələ həmin gündür. General-leytenant Kərim Vəliyev mətbuata açıqlama verir:

- Səhər saatlarında general-mayor Həşimov Polad döyüş zamanı ön xətdə qəhrəmancasına şəhid olub. 

Bəli, bu sözləri Kərim Vəliyevdən eşitdik. Onun çətinliklə xalqa acı xəbəri çatdırması, özünün də keçirdiyi hissləri az-çox aşkar edilirdi. General da hər birimiz kimi kədərli idi... 
Şəhadətindən sonra cənab Həşimovu tanıyanlar onun haqqında danışıb, millətin necə böyük şəxsiyyət itirdiyini söylədilər. Məgər üzündən, gözündən nur yağan general əsgərlərinə ata kimi qayğı göstərib, ən xırda problemlərinə qədər həll edərmiş. Dövlətin ona verdiyi evi şəhid ailəsinə bağışlayıb, özü sadə bir binada yaşayırmış. Bu qəhrəmanı dünyaya gətirən Səmayə ananın da dediyi kimi o kabinetdə deyil, səngərdə əsgərləri ilə çiyin-çiyinə xidmət edirmiş. Biz çox sevdik generalımızı. Sevdikcə onu itirdiyimiz üçün ürəyimizə od düşdü. Bu müthiş  ürək yanğısı xalqın mübarizliyini, cəsurluğunu ortaya çıxardı. Minlərlə gənc könüllü qeydiyyatdan keçərək savaşa hazır olduqlarını göstərdilər.
Cənab Həşimovun əsgərləri sentyabrın 27-i başlayan İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurdular. İndi onların bir hissəsi generalın yanında uyuyur. Şübhəsiz ki, hamısı eyni məkandadır: Behiştdə...
İndi isə 2021-ci il Yanvarın ikisidir. Nur üzlü generalımızın 46 yaşı tamam olur. Millət Polad Paşanın doğum günü üçün 2-ci Fəxri Xiyabana axın edib. Yüzlərlə adam gəlib, qərənfil satanın əhatəsində növbə yaranıb. Yoldakı insan tıxacından hərəkət etmək olmur. Vətən müharibəsinin qaziləri, uşaqlar, yaşlılar, cavanlar – hamı ordadır. Bir təhər addımlayıb, xiyabana çatıram. Qapıdan içəri daxil olanda təəccübümü gizlədə bilməyib, dillənirəm:
-Nə çox adam var...



 Qoltuq dəstəyi ilə getməyə hazırlaşan qazi gözümə sataşır. Ayağının biri yoxdur. Vətən müharibəsinin qəhrəmanlarından biridir. O da generalını unutmayıb, gəlib. Bir-iki foto çəkdikdən sonra Polad Paşanın məzarına tərəf gedirəm. İnsanlar  sıraya düzülüb. Müharibə iştirakçıları da ordadır. Cənab Həşimovun məzarında güllər üst-üstə dağ kimi yığılıb. Dualar oxuyub, bu əzəmətli baş daşına ehtiram göstərirlər. Camaatın içində bir gənc diqqətimi çəkir. O Polad Həşimovun böyük oğlu Teymurdur. İnsanlar başına toplaşıb, hamı atasından, onunla necə fəxr etdiyimizdən danışır. Teymurla şəkil çəkdirib, ona sevgilərini, hörmətlərini göstərirlər. Onun isə kirpikləri nəmlidir, kövrəlib. Atası ilə qürur duyduğu gözlərindən oxunur. Şübhəsiz bir tərəfdən də kədərlidir. Axı ata həsrəti, yoxluğu asan deyil. 
Bir müharibə iştirakçısı arxadan əlini Teymurun çiyninə qoyaraq danışmağa başlayır:
-Arzulayırdım ki, Polad Həşimovu ziyarətə gəlim. Sonra müharibəyə getdim, yaralandım gələ bilmədim. Şükür bu gün arzuma çatdım. Həm də doğum günü imiş. Allah qəni-qəni rəhmət eləsin. Onun kimi insanla yerlə göy qədər fəxr etsək, azdır. Azərbaycan xalqı cənab generalla qürur duyur.
O an başqa biri:
-Şəhadəti ilə müharibəyə təkan verdi...
- Torpaqlarımızın işğaldan azad olunması onların, şəhidlərimizin sayəsindədir. Allah səbr versin...
Bu qısa söhbəti dinlədikdən sonra Polad paşanın yanından uzaqlaşıram. Digər şəhidlərimizə də baş çəkib, xiyabandan çıxıram. Demə həmin gün xalqımız generalla yanaşı, anası Səmayə xanımı da unutmayıb. Evinin qarşısında “Ən böyük general, bizim general” şüarları səsləndiriblər. 
 Doğum gününüz qutlu olsun, cənab General. Biz sizi unutmadıq. Daim yaşayacaqsınız!