Məkrli qüvvələr bilsin ! - “Türkiyənin türk dövlətləri ilə əlaqəsi...”

"Rusiya KİV-lərində  Türkiyənin Cənubi Qafqazda və Orta Asiyadakı fəallığından doğan narahatlıq tamamilə əsassızdır”

“Bu cür siyasətlə Rusiya ətrafında olan dövlətləri özündən uzaqlaşdırır”



"Türkiyə hazırda dünyada çoxvektorlu siyasət aparır". 

Bu sözləri "Sherg.az"a açıqlamasında "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal deyib.

Tanınmış jurnalist bildirib ki, Türkiyə NATO-nun aparıcı üzvü olsa da, Avropa Birliyinə daxil olmağa çalışsa da, Qərblə tamamilə zidd siyasət yürüdən Rusiya, İran kimi ölkələrlə də, qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlıq edir:

"Türkiyənin xarici siyasətində türk dünyası, Azərbaycanla yanaşı, Mərkəzi Asiya respublikaları xüsusi yer tutur. Ötən 30 ildə Türkiyədə sırf türk dünyası ilə işləyən bir sıra dövlət qurumları yaradılıb. Bu qurumlar vasitəsilə, həmçinin, türk dövlətləri ilə ikitərəfli əlaqələr çərçivəsində aktiv siyasət həyata keçirilir. Ola bilsin, bu siyasətdən hansısa güclər narahatdır.

Amma onlar da anlayırlar ki, Türkiyənin türk dövlət və toplumları ilə əlaqələri, onlara verdiyi dəstəklər hansısa dövlət maraqlarına əsaslanmır, sırf milli köklərə söykənir. Yəni Türkiyənin türk dövlətləri ilə əlaqəsi təbii qəbul edilməlidir. Burada, maraqlar məcburi qəbul etdirilmir, qarşılıqlı şəkildə həyata keçirilir".



Baş redaktor bəyan edib ki, Rusiya KİV-lərində ifadə olunan iddialar, Türkiyənin Cənubi Qafqazda və Orta Asiyadakı fəallığından doğan narahatlıq tamamilə əsassızdır:

"Böyük bir coğrafiyaya “arxa bağça” kimi yanaşmaq, SSRİ dövründən qalmış təsir dairəsi gözü ilə baxmaq heç bir nəticə verməyəcək. Bu cür siyasətlə Rusiya ətrafında olan dövlətləri özündən uzaqlaşdırır.

Ona görə də, həmin dövlətlərin Türkiyə ilə əlaqələrinə, həmçinin Türkiyənin bu regionlarda soydaş xalqlarla işbirliyinə dözümlü yanaşmaq məcburiyyətindədirlər".