Röya qınandı! - “Şəhidlərin, qazilərin qanı qurumayıb axı...!”



Son günlər xalq artisti Röya Ayxan ictimaiyyətdə kəskin tənqid olunur. Səbəbi isə müğənninin 31 dekabr gecəsi evində təntənəli bayram qeyd etməsidir. Bununla yanaşı sənətçinin rəqs edərkən çəkilən videolarını paylaşması insanları hiddətləndirib. Şəhid anaları məzarlıqda övladları ilə yeni ili qarşılayarkən, milyona yaxın izləyicisi olan müğəninin əylənməsi ciddi narazılıqlara yol açıb.



Məsələn övladı Vətən müharibəsində ən qaynar nöqtələrdə döyüşən şairə Nuranə Nur da öz Feysbuk səhifəsində müğənniyə irad bildirib:
“Qarabağlı xalq artistimiz Röya yeni ili belə qarşıladı...
Qohumunda əsgəri yox, şəhidi yox...Anası oğul dərdi çəkmir, övladı ata deyib ağlamır. Minalar təmizlənsin, ara sakitləşsin Qarabağda villa tikdirəcək. Vətənin cəfası bizim, səfası bunun kimilərinindi”.

Məsələni “Sherg.az”a dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu deyib ki, məlum durumda çox dərinə getməyə ehtiyac yoxdur. Çünki hər kəs öz daxili aləmini göstərir:

“Əvvəlcədən danışmışdıq ki, bayramlar hər il olduğu kimi təntənəli qeyd edilməsin. Bu barədə ziyalılarımız da danışdı. Axı ölkədə şəhidlərimiz, qazilərimiz var.

3 minə yaxın şəhidimizin arxasınca ağlayan 10 adam varsa, bu, 30 min adamın göz yaşı deməkdir. Şəhidlərin, qazilərin tökülən qanı hələ qurumayıb axı...

Ona görə kiminsə belə kritik məqamda şadlıq etməsi öz şəxsi işidir. Lakin bunu paylaşmaq, nümayiş etdirmək  düzgün deyil. İnsanların əsəblərinin gərgin vaxtında diqqətli olmaq lazımdır”.