“Qarabağ Dirçəliş Fondu” yaradıldı !- “Monitorinq şurasında ciddi adamlar var”

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Azərbaycan xalqı böyük zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir.
Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarlarınin maddi və mədəni sərvətləri talan etdiyi ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır.


Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək.  Bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq.

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.

Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcəkdir. Fərmana əsasən“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılır.



Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Sherg.az”a açıqlamasında bu təşəbbüsü belə qiymətləndirib:

“Nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinə ehtiyac var. Bunun üçün külli miqdarda vəsait tələb olunur. Yəni belə publik hüquqi şəxs yaradılmalı idi.

Bu qurum müharibənin nəticələrinin aradan qaldırılması baxımından çox mühümdür.

Bərpa işlərinin  tez və keyfiyyətli həyata keçirilməsi naminə sözügedən qurumun xüsusi əhəmiyyət olacaq. Onu da deyim ki, monitorinq şurasında kifayət qədər ciddi adamlar var”.