Professor da narazıdır ! - Türk filmlərinin dilimizə tərcüməsi mənasızdır”

“Tərcümə zamanı kolorit itir”

“Məsələn, Kamal Sunalın rolunu kimsə canlandırır, amma həmin effekti vermir”



Son günlər televiziya kanallarımızda yayımlanan türk seriallarının tərcüməsinə dair fikir ayrılıqları yaranıb. Bir çoxları düşünür ki, türk filmlərinin Azərbaycan dilinə tərcümə edilməsinə ehtiyac yoxdur. Səbəb isə Anadolu türkcəsinin kifayət qədər anlaşılan olmasıdır. Baş verənlərlə bağlı sosial şəbəkələrdə də geniş müzakirələr aparılıb.Qarabağ qazisi Rey Kərimoğlu Feysbuk hesabında yazıb: 

“Necə ki, efirdə rusca danışığı alt yazılarla verirlər, bax elə də türk fiımlərini alt yazı ilə versinlər. Ayıbdır!”. 

Tanınmış jurnalist Elşad Paşasoy da məsələyə dair fikirlərini bölüşüb: “Türk əsgərinin Qarabağa gəlişini həsrətlə gözləyənlərimiz çoxdur, maşAllah olsun!. Amma Türkiyə seriallarını dublyaj edənlərə sözümüz keçmir, təəssüflər olsun!.
Anlayırıq, qanun tələb edir, dilimiz Azərbaycan dilidir, dublyaj həm də bəziləri üçün qazanc yeridir, işdir. Lakin heç olmasa “tərcümə” titrdən yazılsın, axı, “Bir millət iki dövlət”ik”.

Tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, dövlət dili haqqında qanuna görə, televiziyalarda bütün materiallar Azərbaycan dilində olmalıdır:

“Amma Anadolu türkçəsi və Azərbaycan dili eyni dil qrupuna aiddir. Anadolu türkçəsi 80 faiz anlaşılır, burada hər hansı bir mürəkkəblik yoxdur. Ola bilər ki, bəzi ifadələri başa düşməyək. Məncə, türk dili gündəlik danışıqlarda elə bir problem yaratmır.

Əsas narazılıq filmlərin dublyajı ilə bağlıdır. Ümumiyyətlə, türk filmlərinin Azərbaycan dilinə tərcümə edilməsinin hər hansı bir mənası yoxdur. Çünki tərcümə zamanı kolorit və məna itir. Məsələn, Kamal Sunalın rolunu kimsə canlandırır, amma eyni effekt və kolorit olmur”.

Professorun fikrincə, türk serialları yayımlanarkən ilkin mərhələdə ən ideal variantda alt yazı kimi subtitrların verilməsidir:

“Sonra bu subtitrlara ehtiyac qalmayacaq. Çünki Azərbaycanda körpə uşaqlar türk cizgi-filmlərinə baxır, deyilən sözləri tam anlayırlar. Lakin vətəndaşlarımız bir məqamda diqqətli olmalıdırlar.

Azərbaycan dilinin öz qaydalar var. Danışarkən türk və Azərbaycan sözlərini bir-birinə qatmaq olmaz. Ya təmiz Anadolu ləhcəsində, ya da Azərbaycan türkcəsində danışmaq lazımdır. Bunları bir-birinə qatıb, sintez etmək düzgün deyil. Filmlərin dublyajında subtitrlar köməyimizə gəlir. Amma filmləri yalnız dublyaj etmək düzgün deyil.

Məsələn, “Ərtoğrul” filmini dublyaj edirlər, lakin sözlərin canı gedir. Türk dilinin incəliyini Azərbaycan dili ilə qarşılaşdırmağı bilmirlər və uğursuz ifadələr işlədirlər. Ona görə də ən yaxşısı subtitrlardan istifadə etməkdir. Kimsə ifadələri dəqiq anlamaya bilər, bu zaman həmin şəxsin köməyinə subtitrlar gəlir”.