Azərbaycan qazı xarici mətbəxdə ! - “TAP Avropanın enerji xəritəsini dəyişir”

Bir müddət öncə TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına – İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılıb. Bununla da ölkəmiz daha bir tarixi qələbə və uğur əldə edib. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib.
Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail olub. 
Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu.
Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir.



Prosesi “Sherg.az”a şərh edən iqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev bildirib ki, bu hadisə iqtisadi və siyasi baxımdan ölkəmiz üçün çox əhəmiyyətlidir:

“10 milyard kub metrdən çox qaz Avropa bazarına ixrac olunacaq, onun 8 milyardı isə İtaliya üçündür. Bu o deməkdir ki, Azərbaycan artıq Avropaya enerji layihələri ilə daxil olub və öz yerini möhkəmləndirib.

İqtisadi əlaqələrimizi daha da yüksək mərhələyə qaldırırıq.

Zaman keçdikcə Azərbaycanın valyuta gəlirləri artacaq. TAP-ın mərhələli şəkildə inkişafı gözlənilir. Bu layihənin başqa mərhələsi də gözlənilir: Türkmənistandan Xəzər dənizinin dibi ilə aparılan qaz xətti. Bunun da 100 milyard kuba qədər olacağı səsləndirilib”.

R.Quliyev qeyd edib ki, bu layihənin Azərbaycan üçün siyasi əhəmiyyəti də böyükdür:

“TAP layihəsi Avropanın enerji xəritəsini dəyişib. Yəni Avropadakı bir neçə ölkə Azərbaycanı daha çox dəstəkləyəcək. Hərbi savaşda ermənilərlə problemlərimizi həll etmişik.

Lakin mübarizəmiz hələ başa çatmayıb. Hələ düşmənlə siyasi, beynəlxalq və ideoloji savaşımız var. Ona görə Avropanın aparıcı ölkələrinin dəstəyi bizim üçün çox vacibdir.

Bu baxımdan TAP layihəsinin yerinə yetirilməsi çox yaxşıdır. Bu, ölkəmiz üçün böyük uğurdur. Nə qədər ki, Avropa ölkələrinin Azərbaycan qazına ehtiyacı artacaq, deməli, onların bizdən asılılığı da olacaq”.