Koronavirusdan sağalanlar xoşbəxt insanlardır

Belə adamları sağlam və uzun ömür gözləyir

Koronavirusun sinir hüceyrələrinə təsiri hələ öyrənilməyib, ancaq alimlər onların arasında hansısa formada əlaqə olduğuna şübhə etmirlər. Dad və iy bilmək hisslərinin itməsi hələ mart ayının ortalarından koronavirusun əlamətlərindən hesab olunur. Bundan başqa, virus gənzikdən birbaşa beyinə də keçə bilir. Və bu, demək olar ki, bütün orqanların fəaliyyətinə təsir edən fəsadların yaranmasına gətirib çıxarır. Son zamanlar koronavirusa yoluxanlar arasında əsəbdən əziyyət çəkənlərə rast gəlinməkdədir.

Bəs həmin şəxslər əvvəlki həyat tərzinə qayıtmaq üçün nə etməlidir?

Motivator Sahil Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, o, son zamanlar COVİD-19 virusuna yoluxub sağalan insanların əsəbdən əziyyət çəkmələri ilə bağlı tez-tez müraciətlər alır. Və motivator olaraq ondan tövsiyələri verməyini xahiş edirlər:

"Təbii ki, fərdə görə bu tövsiyələr dəyişə bilər. Qeyd edim ki, koronavirusa yoluxub sağalanların əsəbi olması yanlış düşüncə və qavrayışın məhsuludur. Əgər doğru düşüncə tərzi seçilərsə, o zaman əsəbin yerini hüzur və xoşbəxtlik duyğuları alacaq. İlk olaraq anlamalısınız ki, artıq virusa qalib gəlmisiniz və bu qələbənizi qeyd edin. İkinci ona diqqət etmək lazımdır ki, demək ki, orqanizminiz sağlamdır ki, virusa yenilmədi. Və əksinə, virusa qalib gəldi. Demək ki, orqanizminiz tam formadadır.

Necə ki, binanın möhkəmliyi zəlzələ zamanı daha yaxşı bilinir, orqanizmin möhkəmliyi də bu kimi viruslar zamanı bilinir. Virusu məğlub etməyinizin sevincinə, orqanlarınızın sağlam və möhkəm olması sevincini də əlavə etmək lazımdır. Hər kəs durumuna bu pəncərədən baxsa, əsəb də çağrılmamış qonaq kimi çıxıb gedəcək və öz yerini hüzur və xoşbəxtliyə təslim edəcək. Sonda onu da deyim ki, tibb tarixi sübut edib ki, bu kimi viruslardan üzüağ çıxan insanlar, sağlam və uzun ömür yaşayırlar. Demək ki, koronavirusdan sağalanlar da xoşbəxt insanlar sırasındadır".