Qarabağda əvvəla evlər tikilməli, təmir olunmalıdır

Sonra dövlət proqramı ilə əhali öz yurd yerlərinə köçürülməlidir

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan ağ bayraq qaldıraraq təslim oldu. Nəticədə Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə üçtərəfli bəyanat imzalandı. Bu gün hər kəsi maraqlandıran əsas məsələ Xankəndinə, Xocalı və Xocavəndə azərbaycanlıların nə zaman köçürüləcəyidir. Xatırladaq ki, Rusiya prezidenti də son çıxışında Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğuladı. Bildiyimiz kimi, müharibə zamanı Qarabağda yaşayış yerini tərk edən ermənilər artıq öz evlərinə qayıdıblar. Bəs 90-cı ilin əvvəllərində deportasiya olunmuş və qovulan azərbaycanlıların da oraya köçürülməsi prosesi nə zaman və necə təşkil ediləcək? 

Bununla bağlı suallarımızı cavablandıran Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Şərq"ə açıqlamasında bildirib ki, əhalinin öz doğma yurdlarına qayıtması üçün ilk növbədə dövlət tərəfindən xüsusi layihə hazırlanmalıdır. O, diqqətə çatdırıb ki, vaxtilə orada yaşamış ermənilərin Qarabağa köçürülməsi prosesinə artıq başlanılıb:

"Ermənistandan müharibə günlərində qaçan ermənilərin Qarabağa geri dönüşü təşkil edilir. Azərbaycanlıların da ləngimədən geri qayıdışı təmin edilməlidir. Onların öz evlərinə, öz yurdlarına qaytarılması prosesinə başlanılmalıdır. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Azərbaycanın bütün ərazisində olduğu kimi, burada da vətəndaşlarımız tam sərbəst şəkildə yaşamalıdır.

İlk növbədə bizim hüquq-mühafizə orqanları ora qayıtmalı və tam şəkildə orada yaşayacaq azərbaycanlıların təhlükəsizliyi təmin olunmalıdır. Digər bölgələrimiz kimi Qarabağda da Azərbaycan qanunları fəaliyyət göstərməli və vətəndaşlarımız işlə təmin olunmalıdırlar".

 A.Nağı qeyd edib ki, vətəndaşlarımızın ilk olaraq hissə-hissə köçürülməsi daha məqsədəuyğundur:

"Bildiyimiz kimi, azərbaycanlıların yaşadıqları bəzi yerləri ermənilər zəbt ediblər. Bunlar ilk olaraq boşaldılmalı, yaxud da əlavə binalar tikilməlidir. Yəni bu, dövlət səviyyəsində proqramla həyata keçirilməlidir. Əhalinin sayına uyğun olaraq Qarabağdakı evlər təmir və bərpa olunmalı, bundan sonra əhalinin köçürülməsi prosesi həyata keçirilməlidir".