Səmədov “Qırmızı xətt”i keçdi

Sərdar Cəlaloğlu: "Müharibə bitdikdən sonra Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən şəxslər daha çox görünməyə başlayıb" 

"Azərbaycan televiziyalarının bəzilərində açıq şəkildə müstəqilliyimiz əleyhinə fikirlər səslənir"

Ötənhəftə “Space tv”də yayımlanan “Qırmızı xətt” verilişində qonaqlar arasında gərgin anlar yaşanıb. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun Rusiyanı müdafiə etməsinə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu sərt reaksiya verib. Bu zaman A.Səmədovun təhqiramiz üslubu da diqqətdən yayınmayıb.

Səmədovdan əlavə sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun da fikirləri ADP sədri tərəfindən qəbul edilməyib. Proqramda qalmaqala səbəb olan çıxışlar sonrakı günlərdə sosial şəbəkələrdə də geniş müzakirə olunub və tənqidə məruz qalıb. Sosial şəbəkələrdə Rusiyameyilli fikirlər səsləndirənlərin ünvanına təhqiramiz ifadələr də işlədilib. 

Verilişdəki qarşıdurma ilə bağlı “Şərq”ə danışan ADP rəhbəri Sərdar Cəlaloğlu bildirib ki, müharibə bitdikdən sonra Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən şəxslər daha çox görünməyə başlayıb. Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan televiziyalarının bəzilərində açıq şəkildə müstəqilliyimiz əleyhinə fikirlər səslənir.

Partiya sədrinin sözlərinə görə, bir ölkə uzun müddət başqa dövlətin əsarətində qaldıqda zamanla istismarçı ölkənin maraqlarını müdafiə edən daxili zümrələr meydana çıxır:

"5-ci kalon" dediyimiz qruplaşma məhz bu cür yaranıb. Azərbaycan 70 il sovet imperiyasının nəzarətində qaldığı üçün ölkəmizdə milli-mənəvi dəyərlərdən uzaq nəsillər formalaşıb. Moskva zaman-zaman belə adamlardan öz maraqları naminə faydalanır.

Azərbaycanda dəfələrlə bir mənzərənin şahidi olmuşuq. İnsanların haqqı tapdanan vaxt ortalıqda görünməyən, ağzını açmayan bəzi adamlar taleyüklü məsələlər gündəmə gələndə böyük sürətlə qabağa çıxırlar, özlərini ictimai rəyin önünə atırlar. Məsələn, Abutalıb Səmədovun varlığından indiyədək xəbərim olmayıb.

O, Rövşən Cavadovun müavini idi. Bir müddət deputat olub, hansısa komitəyə rəhbərlik edib və “yoxa çıxıb”. Qarabağ müharibəsindən sonra birdən-birə aktiv şəkildə müzakirələrə qoşulub”. 

S.Cəlaloğlu vurğulayıb ki, belə şəxslərin ortalığa çıxması Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən bəlli dairənin hələ də müəyyən sferalarda, ələlxüsus mətbuatda güclü olmasından xəbər verir:

“Mən verilişdə Abutalıbova, Zülfüqarova cavab vermişəm. Rusiyanın siyasətini tənqid etmişəm. Ermənilərin hansısa şirkətinin ordusunun Qarabağda saxlamasını hüquqazidd hərəkət kimi qiymətləndirmişəm. Danışığımı kəsiblər, 5-6 cümləm efirə gedib. Amma onların təhdidlərini, söyüşlərini olduğu kimi veriblər.

Proqramı izlədikdən sonra “Space tv”nin rəhbərliyinə bildirdim ki, bir də onların ekranında olmayacam. Təsəvvür edin, efirdə deyilir ki, “Yalta müqaviləsinə əsasən, bütün Azərbaycan torpaqları Rusiyanın ərazisidir, bu ərazinin bir qarışını da Rusiyanın icazəsi olmadan kimsə ala bilməz”. BMT-yə üzv olan müstəqil bir dövlət haqqında bu cür fikirlərin səslənməsi absurddur”. 

Partiya rəhbəri bildirib ki, milli-maraqlarımızı təhdid edən fikirlərin açıq, yaxud üstüörtülü şəkildə dilə gətirilməsi qəbuledilməzdir:

“Bu qüvvələr 3 qrupa bölünür. Birinci qrup heç nəyə məhəl qoymadan açıq tərzdə Kremlə alqış tutur. İkinci qrupun nümayəndələri nisbətən orta mövqedə dayanır, daha çox Qərbi və Avropanı tənqid edirlər. Bu da bir növ Rusiyanın ən məqbul tərəf olduğunu şüurumuza yeritməkdir. Üçüncü dairələr isə qardaş Türkiyənin ölkəmizdəki mövqelərini zəiflətmək üçün əllərindən gələni edənlərdir. Bunlar ayrı-ayrılıqda fəaliyyət göstərsələr də, əslində hər üçü eyni məqsədə xidmət edir. Mümkün qədər Azərbaycanda Rusiyanın imperial maraqlarını qorumağa çalışırlar”. 

S.Cəlaloğlu bəyan edib ki, söhbət Rusiya-Azərbaycan qarşılıqlı əlaqəsindən, əməkdaşlığından getmir:

“Bizim rus xalqı ilə problemimiz yoxdur. Əgər məsələ Rusiyanın Azərbaycanla ikili münasibətlərinin obyektiv inkişafı olsaydı, bu təbliğatın önündə birinci özüm dayanardım.

Vaxtı ilə Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Rusiyada siyasi idarəetmənin əleyhinə çıxmaq, rus xalqına qarşı olmaq anlamına gəlmir. Biz Azərbaycana “komunna” kimi baxan, hegemonluqdan əl çəkməyən Rusiyanın əleyhinəyik.

Moskva bizə dost əlini uzatsaydı, dərhal qəbul edərdik. Dost əlini geri çevirmək ağılsız adamlara xasdır. Lakin Kremldən dost münasibət görmürük. “Rusiyaya qızıl yumurtlayan toyuq” deyənlər müharibədən öncə Ermənistana 400 ton hərbi silah-sursat göndərilməsini niyə unudurlar?!

Hərbi texnikasını və öz hərbçilərini planlaşdırma məqsədi ilə Yerevana yollayan Rusiya deyildimi? Məgər hazırda Qarabağın dağlıq ərazilərində yaşanan hadisələrin haradan qaynaqlandığı bilinmirmi? Ona görə də özümüzü aldatmamalıyıq”.