İDDİA !- “...Paşinyan da Qarabağa gedə bilər” – Mane olaq ! 

“Görünür, rus sülhməramlıları Laçın dəhlizini ermənilərin ixtiyarına buraxıblar”

“Erməni baş nazirin ikinci dəfə Qarabağa gələrək qürurumuza toxunmasına icazə verməməliyik”

“Bunun ən ideal yolu isə Laçın dəhlizinə tam nəzarəti ələ keçirərək gediş-gəlişə əngəl olmaqdır”


Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yanvarın 5-də Qarabağa gəlib. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb. Onun erməni icmasının rəhbərliyi ilə görüşdüyü bildirilib. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva buna dair açıqlama verib. O, məhz Ermənistan baş nazirinin10 noyabr tarixli bəyanata imza atdığını və bu xüsusda hökumət üzərinə öhdəliklər götürdüyünü xatırladıb:

“Bu öhdəliklərin rəsmi İrəvan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir”.

Vəziyyəti şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bu cür təxribatların gələcəkdə də təkrarlanmasını istisna etmir:

“Müharibədən sonra Ermənistanın yeni müdafiə naziri Qarabağa gəldi. İndi də xarici işlər nazirinin səfəri olacaq. Görünür, rus sülhməramlıları Laçın dəhlizini ermənilərin ixtiyarına buraxıblar. Məncə, belə getsə, baş nazir Nikol Paşinyan da Qarabağa gedə bilər.

Çünki o, erkən parlament seçkilərinə hazırlaşır. Xankəndiyə səfərlə Dağlıq Qarabağ qondarma rejimin mövcudluğunu qoruduğunu və Ermənistanla əlaqələrinin olduğunu göstərəcək”.

E.Şahinoğlu, növbəti provokasiyaların qarşısını almağın yolunu da göstərib: 

“Dediyim kimi, belə təxribatlar yenə ola bilər. Biz buna mane olmağın yolları barədə düşünməliyik. Paşinyanın ikinci dəfə Qarabağa gələrək qürurumuza toxunmasına icazə verməməliyik. Bunun ən ideal yolu isə Laçın dəhlizinə tam nəzarəti ələ keçirərək gediş-gəlişə mane olmaqdır”.