Sərt reaksiya: "Əsgəri təhqir etmək olmaz" - Müdaxilə edilsin! 

“Kimsə əsgərlərimizə göstərdiyi köməkliklə özünü reklam etməməlidir”

“Bu yardımların hədsiz dərəcədə yayımlanması ictimai əxlaqsızlıqdır”

“Belə etməklə qarşı tərəfi alçaltmış olurlar. Çox arzulayıram ki, dövlətimiz bu işə müdaxilə etsin”


Prodüser Tarix Əliyev (Tolik) İkinci Qarabağ müharibəsində yaralanan əsgərimizi təhqir edib. Bununla bağlı sosial şəbəkələrdə videogörüntü də yayılıb.  T.Əliyev 44 günlük Vətən müharibəsində ağır döyüşlər nəticəsində danışma qabiliyyətini itirən hərbçimizlə İnstagramda bağlantı qurub. O, əsgərimizə qarşı xoş olmayan ifadələr işlədib: “Sənə danışmağa nə qədər vaxt verim? Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Özün bunu istəməlisən. Ayın birinə kimi danışsan, sənə hədiyyə verəcəm. Bu nədir bilirsən? Kül təpənə. “İphone” telefonudur. Ayın birinə kimi danışsan, yeni model “İphone”u sənə verəcəm. Nə edirsən et danış. Özünü vur divara, as, amma danış”.

Baş verənlər ictimaiyyətdə böyük narazılığa səbəb olub. Hər kəs eşitmə qabiliyyətini itirən, xalqımız və torpağımız uğrunda vuruşan əsgərə qarşı olan belə davranışı şiddətlə qınayıb. Açığı bu qınaqların hansısa işə yaradığını demək bir az çətindir. Çünki prodüser bu qınaqlardan nəticə çıxarıb üzürxahlıq etmək əvəzinə özünə haqq qazandırmağa çalışıb. Əlbəttə, belə vəziyyətlərdə qanun “danışmalıdır”. Qanun da yoxdursa və ya işləmirsə, vay halmıza  

Hadisəni “Sherg.az”a dəyərləndirən sosioloq Sahib Altay bildirib ki, dövlət xalqın simvolu sayılan rəsmi orqandır. Cəbhədə döyüşən hər bir kəs bizim üçün dəyərli olmalıdır:

“Belə şəxslərə qayğını isə dövlətimiz göstərməlidir. Çünki dövlət xalqın göstəricisidir. Onsuz da xalq xidmət olaraq övladını cəbhəyə göndərib. Müharibə bitsə də, bütün yaşantılar. Ölkəmizdə heç kim cəbhəyə yollanmaqdan boyun qaçırmadı, hətta könüllü olaraq döyüşə gedənlər oldu. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bizim üçün qürurverici hadisədir”.

Sosioloq qeyd edib ki, heç kimin müharibədə canını təhlükəyə atan qazini təhqir etmək haqqı yoxdur:

“Sosial şəbəkələrdə kampaniya təşkil edib əsgərlərimizə yardım edən şəxslər oldu. Amma bir müddət keçdikdən sonra həmin insanların özləri çətinliyə düşən kimi etdikləri yardımı dilə gətirirlər, bir növ minnət edirlər.

Bir məqamı dərk etmək lazımdır: hamının əsgərlərimiz qarşısında mənəvi borcu var.  Lakin əsgərlərimiz kiməsə deməyib ki, onlara maddi köməklik etsinlər.

Bu yardımların hədsiz dərəcədə yayımlanması ictimai əxlaqsızlıqdır. Hər şeyin bir həddi var. Kimsə əsgərlərimizə göstərdiyi köməkliklə özünü reklam etməməlidir. Belə etməklə qarşı tərəfi alçaltmış olurlar. Çox arzulayıram ki, dövlətimiz bu işə müdaxilə etsin. Adam canlı yayın açıb, qazi ilə söhbətində deyir ki, “Danış, sənə “İphone” hədiyyə edəcəm”.

Onsuz da həmin qazi həssasdır, müharibə görüb, gözünün önündə dəhşətli hadisələr olub. Baş verənləri qınayanlara haqq verirəm. Sosial yardımın da bir əxlaqı var. Xalqın milli mənafeyi uğrunda vuruşan əsgəri kimsə təhqir edə bilməz!”.