Tələbə-həkimdən təsirli sözlər: “Yaralı əsgərlər ağlayıb deyirdilər ki....” – “Ağ ümid”

“...mən də şəhid olmalı idim”

“Narkozun təsiri altında “Qarabağ Azərbaycandır!” söyləyən, işğal altındakı rayonlarımızı sadalayanlar da var idi”

“Bir dəfə bir əsgərə yemək yedirəndə mənə baxdı və gülümsəyərək dedi ki, müharibədən sonra ilk yeməyi sizin əlinizdən yeyirəm”


Şəmistan Əlizamanlının ifasındakı “Ağ ümid” mahnısı son günlər qulağımdan getmir. Bilirsiniz niyə? Çünki hərbi həkimlərimiz İkinci Qarabağ müharibəsi dövründə elə əsgər və zabitlərimiz tək böyük şücaət göstərdilər. Canlarını, həyatlarını təhlükəyə atdılar. Mahnıda deyildiyi kimi, gözləri kədərlə dolmaması üçün əllərilə hərbçilərimizin qəlblərinə şəfa verdilər. Sevindiricidir ki, həmin “ağ ümid”lərin çoxu könüllülər idi. Hətta aralarında tələbələr də var idi. BDU-nun Biologiya fakültəsinin üçüncü kurs tələbəsi Fəridə Rəhimli məhz belələrindəndir. O, 44 günlük Vətən müharibəsində adını tarixə yazdı, onlarca hərbçimizin şəhid yox, qazi olmasına kömək etdi. Deməli, nə qədər etsək də, bu tələbə-həkimin borcu ödənməz.

“Sherg.az” olaraq onu ictimaiyyətimizə daha yaxından tanıtmaq məqsədilə özü ilə söhbətləşdik. Tələbə-həkim təşəbbüsün necə yarandığını açıqladı:  

“Biz hərbi hospitalın yanında qalırıq. Müharibə dövründə, demək olar, bütün gün təcili tibbi yardımın səsini eşidir və narahatlıq keçirirdim. Əsgər qardaşlarımıza necə kömək edə biləcəyim barədə düşünürdüm. Nəhayət, belə bir qərar verdim və fikrimi valideynlərimlə bölüşdüm. Sağ olsunlar ki, hörmətlə yanaşdılar, məni dəstəklədilər. Beləliklə, hərbi hospitala müraciət etdim. Təsəvvür edin, məni içəri də buraxmırdılar. Deyirdilər ki, tibbi personalımız kifayət qədərdir. Amma çox yalvardım.

Nəhayət, xahişlərimi nəzərə aldılar və məni Səlahəddin həkimin müdiri olduğu oftolmologiya şöbəsinə istiqamətləndirdilər. Beləlikə, könüllü fəaliyyətə başladım. Yaralı əsgərlərin sarğılarına dəyişir, onlara dərman, yemək verirdim. Yəni əlimdən gəldiyi qədər kömək olmağa çalışırdım. Bu dövrdə çox şey gördüm, çətin və həyəcanlı anlar yaşadım. Və həm də həkimliyin necə şərəfli, məsuliyyətli olduğunu anladım. Həkim olmaq mənim uşaqlı arzum idi, lakin alınmadı. Bununla belə  müvəqqəti olsa da, doktorluq etdim, hərbçi qardaşlarımı sağaltdım. Buna görə göydə Allaha, yerdə valideynlərimə minnətdaram”.

F.Rəhimli, həmçinin xatirələrindən də danışıb: 

“Əsgərlərin çoxu özünə qapanmışdı. Mən həm də onlarla danışır, söhbətləşirdim. Bir neçəsi məni görən kimi ağlayıb deyirdi ki, mən də şəhid olmalı idim. Hələ narkozun təsiri altında “Qarabağ Azərbaycandır!” söyləyən, işğal altındakı rayonlarımızı sadalayanlar da var idi. Bacardığım qədər onlara qulluq edirdim. Bir dəfə bir əsgərə yemək yedirəndə mənə baxdı və gülümsəyərək dedi ki, müharibədən sonra ilk yeməyi sizin əlinizdən yeyirəm. Hər iki gözündən yaralanan hərbi qulluqçunun “Mən sizi görməsəm də, gəlişinizi hiss edir, qolbaqlarınızın səsindən tanıyıram” sözləri heç vaxt yadımdan çıxmaz.

Əsgərlər mənə “qanadsız mələk” deyirdilər. Amma əsl mələk onlar özləridir. Sağ olsunlar ki, şəxsən mənə və bütün millətimizə qələbə sevincini bəxş etdilər. Mənim etdiklərim onların xidmətləri qarşısında çox cüzidir”.