Böyrək donoru olan insanlar tam sağlam həyat yaşayırlar

Bu günə qədər sadəcə Amerikada 75 mindən çox insan yaxınlarına böyrək bağışlayıb, ancaq indiyədək heç birinin böyrək çatışmazlığı olma riski qeydə alınmayıb
Həmin insanların böyrək çatışmazlığı olma riski normal insanlardan fərqli deyil. Bir çox xəstəliklər var ki, onlar hər iki böyrəkdə eyni zamanda başlayır

Müalicəsi yalnız orqan və ya toxuma nəqli ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi ölkəmizin də önəmli sağlıq problemlərindən biridir. Orqan və ya toxuma nəqli gözləyən xəstələrin sayı hər keçən gün artmaqdadır. Bu gün minlərcə xroniki böyrək yetməməzliyi olan xəstələr dializ aparatlarına bağlı olaraq “bir gün böyrək nəqli ola bilmək ümidi ilə” yaşamaqdadırlar. Bu gün donorluq edən yüzlərlə insanı gələcəkdə dializ müalicəsi alma riskinin olub-olmadığı düşündürür.

Bəs görəsən, böyrək nəqli zamanı böyrək verən donorun gələcəkdə dializ müalicəsi alma riski varmı?

Sualımızı cavablandıran həkim-nefroloq Barat Yusubov "Şərq"ə qeyd edib ki, böyrək nəqlindən sonra böyrəyini bağışlayan donorun gələcəkdə böyrək çatışmazlığı olma riski sırf bu səbəbdən artmır. Həkim-nefroloq bildirib ki, bu günə qədər sadəcə Amerikada 75 mindən çox insan yaxınlarına böyrək bağışlayıb:

"Amerika və Avropada bu günə qədər aparılan statistik araşdırmalarına görə, indiyədək heç bir böyrək donoru olan birinin böyrək çatışmazlığı olma riskinin artması qeydə alınmayıb.

Həmçinin Amerika və Avropada canlıdan orqan nəqlinin artması üçün yaxınlarına böyrək bağışlamasına orqan bağışı müəssisələri və dövlət qurumları tərəfindən dəstək verilməkdədir. Və o cümlədən cəmiyyət içində minlərcə insan tək böyrəklə anadan olur və bu insanlar tam sağlam həyat yaşayırlar".

B.Yusubov əlavə edib ki, bəzi böyrək xəstəlikləri və ya qəzalar nəticəsində də insanların bir böyrəyi götürülür:

"Bu hallarda həmin insanların böyrək çatışmazlığı olma riski normal insanlardan fərqli deyil. Bir çox xəstəliklər var ki, onlar hər iki böyrəkdə eyni zamanda başlayır. Yəni hər hansı bir şəxsdə böyrək çatışmazlığının inkişafı onun iki böyrəkli olması və ya tək böyrəkli olmasına bağlı deyil. Əksinə, əgər bir zaman böyrək çatışmazlığı kimi bir xəstəliklə üzləşmə riskiniz varsa, ən azından bir böyrəyinizi donor olaraq yaxınınıza verib onun sağalmasına səbəb ola bilərsiniz".