Bizə yeni düşüncəli müəllim kontingenti lazımdır

Beynəlxalq standartlara uyğun dərsliklərin hazırlanması yaxşı haldır, amma onu şagirdlərə çatdıracaq kadrlar da olmalıdır

2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında I sinif "Riyaziyyat" dərsliyi də yer alır. Təhsil Nazirliyindən bildirilib ki, dərslik komplektinin hazırlanma prosesində dünyanın aparıcı təhsil sistemlərinin müvafiq siniflər üçün təhsil proqramları təhlil edilib, “TIMSS” və “PISA” kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri və nəticələri öyrənilib. Aparılan təhlillər nəticəsində ibtidai siniflərdə riyaziyyat fənni üzrə hazırda qüvvədə olan təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb. Eyni zamanda, dünyanın ən nüfuzlu nəşriyyatları tərəfindən hazırlanmış dərslik komplektləri tədqiq edilib, şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılmasına şərait yaradan qabaqcıl təcrübələr nəzərə alınıb.



Azərbaycanın artıq dünya təhsil sisteminin bir hissəsi olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov isə "Şərq"ə açıqlamasında bildirib ki, təhsil sahəsində atılan addımlar, həyata keçirilən islahatlar Azərbaycan təhsilinin dünya təhsilinə həm inteqrasiyası, həm də keyfiyyət baxımından üstünlüyü üçün həyata keçirilir:

"Bu günləri istər "PISA",  istərsə də “TIMSS” kimi beynəlxalq qiymətləndirmələrdə Azərbaycan o qədər də ön sıralarda deyil. Yəni kifayət qədər biz təhsil sahəsində özümüzün iqtisadi vəziyyətimizlə müqayisədə çox aşağı yerlərdəyik. Ona görə də bu boşluğun aradan qaldırılması üçün ciddi işlər görülür. Təbii ki, təhsil sistemində keyfiyyət birbaşa dərsliklərlə yanaşı, tədrisin  həyata keçirilməsində iştirak edən müəllimlərin bilik və bacarıqlarından asılıdır. Bəli, bu gün bizim dərsliklərimiz bu və ya digər formada beynəlxalq standartlara uyğun şəkildə yazılıb. Xüsusən də, ibtidai sinif dərslikləri". 

Təhsil eksperti əlavə edib ki, dərsliklər beynəlxalq qiymətləndirmə meyarlarına uyğun yazılsa da, bu tədris prosesində iştirak edən müəllimlər tam şəkildə kompetensiyalara uyğun deyillər:

"Bu gün təkcə bizim ölkəmizdə deyil, 4447 orta ümumtəhsil məktəbində çalışan müəllimlərimiz var ki, onların heç də hamısı tam şəkildə mövzunu mənimsəmək iqtidarında deyillər. Məhz buna görə də, bizim orta ümumtəhsil məktəblərimizdə beynəlxalq təcrübə əsasında yazılan dərsliklər bir çox hallarda effekt vermir.

Çünki bu prosesdə iştirak edən müəllimlərimiz tam olaraq mövzunu şagirdlərə çatdırmaqda əziyyət və çətinliklər seçiblər. Hesab edirəm ki, bu keyfiyyətə müəyyən qədər müsbət təsir göstərəcək.

Ən azından biz dünyanın inkişaf etmiş ölkələrində tədris prosesinin ilkin təcrübəsini əldə edə bilirik. Misal üçün, əgər 2008-ci ildə və yaxud da 2012-ci ildə beynəlxalq qiymətləndirmələrin müqayisəsinə baxanda görürük ki, biz daha aşağı yerlərdəyik. Amma indi müqayisədə Azərbaycan kifayət qədər öndədir.

Yəni ildən-ilə atılan addımlar irəliləyə doğru getməyə imkan verir. Hesab edirəm ki, burda birmənalı şəkildə maraqlanmalıyıq ki, həmin informasiyaları bizim şagirdlərimizə verə biləcək nə qədər  müəllimimiz var.

Əlbəttə bu, dərsliklər yeni yanaşmanı gətirir, amma bu yeni yanaşmanı şagirdlərə çatdırmağa həm məkan, həm də yoxlama-ölçmə alətləri, eyni zamanda müəllim kollektivi və kontingenti lazımdır. Hesab edirəm ki, bunların fonunda biz nələrsə edə bilərik".