Ölkədə kifayət qədər bacarıqlı infeksionist var

Ancaq pandemiya dövründə ixtisaslaşmış mütəxəssislərin potensialından lazımınca istifadə olunmadı

COVID-19 koronavirus pandemiyası aylardır bütün dünyanı gərgin vəziyyətdə saxlamaqdadır. Bəşəriyyətin pandemiyaya qarşı mübarizəsi ciddi şəkildə davam etsə də, hələ ki nə yayılmanı dayandırmaq, nə də xəstəliyə qarşı effektiv vaksin və dərmanların hazırlanmasında ciddi uğurlar əldə etmək mümkün olub. Pandemiyanın elan edildiyi vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan da yer alıb.

Həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz düşmənin ilk həmlələrindən xilas edə bilməyib. Bəs ölkəmizdə daha hansı tədbirlərin görülməsi zəruridir?

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə səsləndirən həkim-nevroloq Qalib Əsədov bildirib ki, hazırda ölkəmizdə kifayət qədər savadlı və peşəkar infeksionistlər, epidemioloqlar var. Bəs onların bilik və təcrübəsindən nə dərəcədə istifadə olunur?  Həkim hesab edir ki, ölkənin bu sahədə ixtisaslaşmış mütəxəssislərinin potensialından lazımınca istifadə olunmadı:

"Bildiyimiz kimi, biz sürətlə dəyişən, yəni yeni elmi-texniki nailiyyətlərlə zənginləşən dünyada yaşayırıq. Buna görə də, bu gün istənilən sahənin, xüsusilə də həkimlərin hər gün  təkmilləşməsinə, yeniləşməsinə çox ehtiyac var.  Düzdür, bu gün ölkəmizdə kifayət qədər bacarıqlı və savadlı infeksionist həkimlərimiz var.  Amma gəlin bir məsələyə diqqət yetirək. Pandemiya dövründə onların əməyindən  nə dərəcədə doğru və düzgün istifadə olunur? Azərbaycanın tibb kadrlarını  koronavirusla mübarizədə kifayət qədər səfərbər edə bildikmi? 

Problem də burdan başlayır. Baxın, Azərbaycanda  böyük bir Mikrobiologiya İnstitutu var. Hansı ki, məhz mikro orqanizmlərlə məşğul olur. Bu institutun virusla əlaqədar şöbələri mövcuddur. 

Bundan başqa Azərbaycan Tibb Universtetinin İnfeksion Xəstəliklər kafedrası  var ki, burda tanıdığım kifayət qədər alimlər fəaliyyət göstərir. Sadəcə, bu insanların potensialından istifadə edə bilmirik və ya da etmək istəmirik. 

Üstəlik Azərbaycanda neçə illərdir ki, Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir. Bu da böyük bir şəbəkədir. Hansı ki, ölkənin sırf epidemioloji vəziyyətinə nəzarət edir. Belarusda virusla mübarizəni sanitar-epidemioloji stansiyalara tapşırdılar.

Məhz epidemioloji stansiyaların xidmətinin nəticəsidir ki, heç bir gün də olsa karantin olmamağına baxmayaraq, Belarusda göstəricilər bizdən xeyli yaxşıdır. Məhz Sanitar-Epidemioloji  Xidmətin hesabına bu nəticəyə nail olublar. Təcrübəli kadrlardan, Respublikanın elmi potensialından istifadə etmək lazımdır.

Ümumiyyətlə, düşünürəm k, pandemiya ilə mübarizədə təşkilatçılıq məsələlərində ciddi problemlər var və ona görə də bu gün xalqımız bu əziyyəti çəkir. 10 aydır sərt karantin rejimində yaşasaq da virusa yoluxma sayı və ölüm faizi yüksək olaraq qalır".