Yazılan tarix bizimdir


Tədris və təlim Qələbənin əsas faktorlarından biri oldu

Zabit heyəti 44 günlük müharibədə əsl peşəkarlıq səviyyəsi nümayiş etdirdi

"Müharibə zamanı həyata keçirilən hərbi əməliyyatlar hazırda analiz edilir. Proses yeni başlayıb. Analizlər bitdikdən sonra onların nəticəsində yekun sənədlər hazırlanacaq"


"Azərbaycanın hərbi təhsil müəssisələrində təlim alan və Azərbaycan Ordu sıralarında xidmət edən zabit heyəti  44 günlük müharibədə real peşəkarlıq səviyyəsini ictimaiyyətə təqdim edə bildi". 
Bunu "Şərq"ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.  Hərbi ekspert qeyd edib ki, ordu canlı bir orqanizmdir və daim inkişaf edir:

"Lakin ordunun inkişafı üçün yeni mübarizə üsullarının tapılması, müharibə və döyüş əməliyyatlarının aparılması çox mühüm bir əhəmiyyətə malikdir. Hər bir müharibə ordunun təlim-tədris prosesində irəliyə doğru bir addım atmasını şərtləndirir. Təbii ki, Azərbaycan zabitləri yalnız Azərbaycanda deyil, həm də mütəffiq və tərəfdaş ölkələrin təhsil müəssisələrində təlimə cəlb olunurlar. Dövlətimizin həm Türkiyə, həm Pakistan, həm Çin, həm də Avropa ilə hərbi texniki sahədə əməkdaşlığı zabitlərimizin həmin ölkələrdə müəyyən ixtisas artırma kurslarına, yüksək akademik kurslara və s. cəlb olunması ilə nəticələnir.

Azərbaycan 90-cı illərin ikinci yarısından sonra NATO-nun bir çox proqramlarında aktiv iştirak edir. Bütün bu təlim kursları, NATO təlimləri, qonşu və tərəfdaş ölkələrlə ikitərəfli və üçtərəfli təlimlər Azərbaycan Ordusunun bugünki qələbəsini təmin edən faktorlardan biri oldu. Müharibə zamanı həyata keçirilən hərbi əməliyyatlar hazırda analiz edilir.

Proses yeni başlayıb. Analizlər bitdikdən sonra onların nəticəsində yekun sənədlər hazırlanacaq. Bu sənədlər həm də hərbi-tədris müəssisələrindəki tədris proseslərinə təsir edəcək. Düşünürəm ki, gələcəkdə Azərbaycanın bu sahədə tərəfdaş ölkələrlə əməkdaşlığı daha ciddi bir miqyas əldə edəcək". 

Ə.Verdiyev vurğulayıb ki, Azərbaycanda yeni növ silahlar istehsalı potensialı əvvəlcədən də mövcud idi:

"Biz artıq Türkiyə və İsraillə bir çox uğurlu layihələr həyata keçirmişik. 1200-dən artıq yerli məhsul Azərbaycanın Müdafiə Sənayesi Kompleksi tərəfindən istehsal olunur. Onların arasında ağır silahlar, o cümlədən idarə olunan aviasiya bombaları da yer alır. Düşünürəm ki,  bu əməkdaşlıq gələcəkdə daha da ciddi vüsət alacaq.

Bunun üçün Azərbaycan həm ciddi potensiala malikdir, həm də Türkiyə və digər ölkələrlə imzalanan sənədlər əsasında ikitərəfli əlaqələrin genişlənməsi bu prosesləri mümkün edir".