Ən böyük suçlu Koçaryan-Sarkisyan cütlüyüdür

Politoloq Paşinyanı bəzi təhlillərində haqlı sayır

"Lakin baş verənlərə və vəziyyətin gərginləşməsinə görə özü də məsuliyyət daşıyır. Çünki təxribat xarakterli açıqlamalar və hərəkətlər Paşinyanın hakimiyyəti dövründə gündəmə gəlib"

Ermənistanın Baş naziri Nikol Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqalə yazıb və həmin məqalə onun rəsmi saytında yerləşdirilib. Məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, ölkəni hazırkı acınacaqlı vəziyyətə gətirən yol barədə söhbət açılır. Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir. O, eyni zamanda, uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir. Özündən əvvəl hakimiyyətdə olanları ittiham edən Paşinyan yazır ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bəri aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib: “Hələ 1996-cı ildə keçirilmiş Lissabon sammitində Heydər Əliyev Ermənistanı çıxılmaz vəziyyətə saldı. Bu sammit Ermənistanın dünyada tək qalmasının əyani nümunəsidir”. 

Aprel döyüşlərində də uğursuzluğun olduğunu etiraf edən Paşinyan qeyd edir ki, Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etsə də, hər şey üçün artıq gec idi. Məqalədə ötən ilin iyul ayında törədilən təxribatdan söz açan baş nazir həmin vaxt Azərbaycanın güc və imkanlarının düzgün hesablanmadığını söyləyib. Sentyabrda müharibəyə tək başlamadığını bildirən Paşinyan müharibə qərarının Ermənistan hakimiyyətində geniş müzakirə edildiyini, kollektiv şəkildə verildiyini deyib. 

Məqalədə həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunur. Baş nazir vurğulayır ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib. Paşinyana görə, Azərbaycan bölgədəki prosesləri diqqətlə izlədi və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalanmağı bacardı. Bu məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi qiymətləndirilə bilər. 

Politoloq Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, baş nazir Nikol Paşinyanın müharibədə məğlub olma səbəblərini ardıcıl olaraq dilə gətirməsi, Azərbaycanın rolunu xüsusi qeyd etməsi diqqətçəkən məqamdır. Siyasi şərhçiyə görə, Paşinyanın bir sıra təhlilləri doğrudur:

“Paşinyan yaşanan proseslərə və müharibədəki məğlubiyyətə görə, Koçaryan-Sarkisyan cütlüyünü suçlayır. Lakin baş verənlərə və vəziyyətin gərginləşməsinə görə özü də məsuliyyət daşıyır. Çünki təxribat xarakterli açıqlamalar və hərəkətlər Paşinyanın hakimiyyəti dövründə gündəmə gəlib. Baş nazir dəfələrlə Qarabağa gələrək absurd bəyanatlar səsləndirib, müharibə ritorikalarından vaz keçməyib. Paşinyan məqaləsində bəyan edir ki, Prezident İlham Əliyev Kazan sənədini imzalamaqdan Qarabağ ermənilərinə Azərbaycanın tabeçiliyindən kənar status verilməsi ilə razılaşmadığı üçün imtina edib.

Dövlət başçısı İlham Əliyevin Qarabağla bağlı mövqeyi hər zaman birmənalı olub. Ermənistan rəhbərliyinin israrla çalışmasına rəğmən, ölkə başçısı torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyini xüsusi olaraq vurğulayıb. Paşinyan bu proseslərdə rəsmi Bakının tutduğu qətiyyətli mövqedən danışıb. Onun çıxışından bir gün öncə Prezident Armen Sarkisyan da müharibədə tam məğlubuyyətə uğradıqlarını və Azərbaycanın imkanlarını nəzərə almadıqlarını demişdi. Ancaq Paşinyandan fərqli olaraq Sarkisyan yenidən toparlanaraq revanş götürmək niyyətini gizlətməmişdi”. 

Analitik diqqətə çatdırıb ki, Rusiya sülhməramlıları Qarabağa erməni əhalini cəlb etmək üçün dəridən-qabıqdan çıxsa da ermənilər geri qayıtmağa meyilli deyil:

“Qarabağa gətirilən ermənilərin əksəriyyəti ailələrini Ermənistanda qoyaraq pul qarşılığında müvəqqəti yaşamağa razılıq verənlərdir. Qarabağda məskunlaşmış ermənilər Fransaya mühacirət etmək üçün fəaliyyətə başlayıblar.

Məncə, ermənilər adına ən doğru qərardır. Onlar Fransada əbədi rahatlıq tapacaqlar. Qarabağda Yerevan ermənilərinin aləti kimi hər an qorxu və səfalət içində yaşayacaqlar”.