İranın üzərini qara buludlar alıb

Uranın zənginləşdirilməsi ilə bağlı müzakirələr Tehran ətrafında proseslərin gərgin olmasından xəbər verir

İran tərəfinin uranı 20 faizə qədər zənginləşdirdiyini rəsmən açıqlaması Qərb ölkələri ilə yanaşı, Moskvanın da diqqətini çəkib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, İranın uranı zənginləşdirməsi nüvə razılaşmasından imtinanın nəticəsidir. Nazirlik İranın belə addımlar atmasına ABŞ-ın yarıtmaz fəaliyyətinin şərait yaratdığını bildirib. Xatırladaq ki, 2018-ci il mayın 8-də Amerika prezidenti Donald Tramp Vaşinqtonun İranla nüvə proqramı razılaşmasından çıxdığını elan edib. İran Prezidenti Həsən Ruhani isə bildirib ki, danışıqlar baş tutmazsa, Tehran uranın zənginləşdirilməsi prosesinə davam edəcək.

Məsələ ondadır ki, iki il əvvəl Trampın razılaşmadan çıxmaq və İrana sanksiya tətbiq etmək qərarına dünya ölkələri dəstək çıxmadı. Avropa İttifaqı, NATO və BMT nüvə sazişinin qorunacağını bildirdilər. Kreml isə hesab edir ki, əgər Tramp vaxtı ilə İranla nüvə sazişindən imtina etməsəydi, Tehran prinsipə düşüb uranı zənginləşdirməyə davam etməzdi. Məlumat üçün onu da deyək ki, uranın 20 faizədək zənginləşdirilməsi onun hərbi məqsədlər üçün istifadəsinə imkan yaradır. 

Politoloq İlqar Vəlizadə “Şərq”ə açıqlamasında bildirib ki, Rusiya əlinə düşən hər fürsətdən Amerikanı ittiham etmək üçün faydalandığı üçün Moskvanın ittihamı qeyri-səmimi görünür. Analitikin sözlərinə görə, Rusiya nümayiş etdirmək istəyir ki, ABŞ heç də düşünüldüyü kimi təhlükəsiz siyasət aparmır, əksinə, regionları riskə sürükləyən qərarlar verir:

“İran uranın zənginləşdirilməsindən hərbi məqsədlər üçün istifadə edə bilər. Ancaq bunun mütləq baş verəcəyini heç kim iddia edə bilməz. İran nüvə silahlarının yayılmaması ilə bağlı sazişə qoşulmuş bir ölkədir.

Tehran üzərinə öhdəliklər götürüb. Əgər nüvə silahı ilə bağlı fəaliyyətə başlasa, dərhal sazişdən çıxmalıdır. Hazırda uranın zənginləşdirilməsi İrana imkan verir ki, digər ölkələr Tehranla münasibətlərdə ehtiyatlı davransınlar. Bu, xüsusən Səudiyyə Ərəbistanı və İsrail kimi ölkələrə mesajdır”. 

İ.Vəlizadə xatırladıb ki, ali rəhbər Xameneyi dəfələrlə ölkələrin nüvə silahına sahib olmasının yolverilməz olduğunu vurğulayıb:

“Hətta nüvə silahına sahib dövlətləri sərt şəkildə qınayıb. Kütləvi silahlardan istifadənin “Quran”a da zidd olduğunu ifadə edib. Bu yanaşma çoxdanın ifadəsi olsa da, İranın siyasi-hərbi konsepsiyasının tərkib hissəsidir.

Ümumiyyətlə, İranla bağlı informasiyaların günlərlə müzakirə olunması Tehran ətrafında proseslərin gərgin olmasından xəbər verir. İran bu cür açıqlamalar verərək göstərməyə çalışır ki, nüvə silahına sahib olmasa da, istənilən vaxt kütləvi ölüm silahlarının istehsalına başlaya bilər”.