Hər kəs onlara mikrofon tuşlaya bilməz

"Əsir və ya girov şəxsi həyatı barədə özü istədiyi halda danışa bilər"

"Belə davranış ona görə qəbuledilməzdi ki, sonra bəzən insanda kompleks yaranır. Adi həyata başlayanda, küçədə gəzərkən bu kompleks ona rahatlıq vermir"


Əsirlər danışır. Və biz erməni vəhşiliyinin, erməni faşizminin təzahürünü təkrar-təkrar görürük. Vətən müharibəsində əsir düşmüş hərbçilərimiz dəhşətli işgəncələrdən, adına “həkim” deyilən erməninin, tibb bacılarının əsgərlərimizin ağrı çəkməsindən həzz aldıqlarını, iynələri damara deyil, bilərəkdən dəri altına vurduqlarını deyirlər. Düşmənimizi onsuz da tanıyırıq.

Necə əclaf, mənfur, alçaq olduqlarını bilirik. Azərbaycanın dəmir iradəsi sayəsində erməni əsirliyindən azad edilənlərin şahidi olduqları dəhşətləri anlatmaqları bizə “ermənilərlə birgə yaşayın” tövsiyəsi verənlərə ən sərrast cavabdır.

Məsələnin digər tərəfi isə əsirlərin şahidi olduqlarını, gördüklərini hansı formada və hansı səviyyədə ictimaiyyətə çatdırmalarıdır.

Bəzən bu məsələdə fərqli fikirlər səsləndiyini də görürük. Məsələn, 6 il əvvəl Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərov mediaya açıqlamalarında bir-birini təkzib edən faktlar səsləndirdilər.

Şübhəsiz, əsirlər, eləcə də girovluqdan azad edilənlər cəmiyyətə ötürdükləri mesajların fərqinə varmalıdırlar. Bəs bu məsələ hansı formada tənzimlənir? Əsirlikdən, girovluqdan azad edilənlər açıqlama verməkdə sərbəstdirmi?       
    
İtkin düşmüş şəxslərin axtarılması, əsir və girovların azad olunması üzrə Beynəlxalq İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Əvəz Həsənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, əsirlikdən, yaxud girovluqdan azad edilmiş şəxs yalnız öz istəyi ilə, könüllü şəkildə açıqlama verməlidir: 

- Heç kimin ixtiyarı yoxdur ki, əsirə, girova təzyiq etsin, onu danışmağa, gördüklərini söyləməyə məcbur etsin. Əsir və ya girov şəxsi həyatı barədə özü istədiyi halda danışa bilər.

Yoxsa, bir də görürsən, mikrofonu tuşlayırlar adama ki, danış. Belə olmaz. Belə davranış ona görə qəbuledilməzdi ki, sonra bəzən insanda kompleks yaranır.

Adi həyata başlayanda, küçədə gəzərkən bu kompleks ona rahatlıq vermir. Ona elə gəlir ki, ətrafdakılar onu tanıyır, hər kəs ona baxır. Bu, insanı narahat edən, hətta psixikasına təsir edə biləcək haldır. 

Ə.Həsənov qeyd etdi ki, əsir  likdən, girovluqdan azad edilmiş şəxslərlə bağlı dövlət komissiyası var və komissiya bu cür insanları diqqətdə saxlayır. Müalicəyə ehtiyacı olanlar müalicəyə yönləndirilir, xüsusi sanatoriyalarda müalicə-reabilitasiya kursu keçirlər. Həkim nəzarətində olurlar. Bu cür insanların normal həyata adaptasiyası üçün xüsusi xəstəxanalar və sanatoriyalar var. 

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda yaşadıqları barədə fərqli danışmalarına gəlincə, Ə.Həsənov zaman keçdikcə, onların başqa çıxışlar edə biləcəyini dedi: 

- İnsanlar müxtəlifdir. Bəzən insan reallığı gördükdə illüziyaları məhv olur. Düşünürəm ki, Dilqəm və Şahbaz da zaman keçdikcə başqa çıxışlar edəcəklər.   
Qeyd edək ki, böyük zəfərə nail olduğumuz Vətən müharibəsi başa çatdıqdan sonra 2020-ci il dekabrın 14-də “hamının-hamıya” prinsipi ilə humanitar proses həyata keçirilib. Və 12 hərbçi, 2 mülki şəxs olmaqla 14 vətəndaşımız əsirlikdən və girovluqdan azad olunaraq Vətənə gətirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov mediaya müsahibəsində qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərlə bağlı sorğu keçirildiyini, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edildiyini, zəruri ekspertizaların aparıldığını bildrimişdi.