Paşinyanın etirafındakı gizlinlər ! – “Rusiya və İran onları yarı yolda qoyub” 

“Bu ölkələr Azərbaycan ordusunun gücünü hiss edəndən sonra ərazi bütövlüyümüzü dəstəkləməyə başladılar”

"Erməni baş nazir etiraflarında məqsəd həm də özündən qabaqkıların uzaqgörən olmadıqlarını göstərməkdir"


Ermənistanın Baş naziri Nikol Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqalə yazıb. Həmin məqalə onun rəsmi saytında yerləşdirilib. “Axar.az”ın məlumatına görə, məqalədə Ermənistan diplomatiyasının məğlub olma səbəbləri, ölkəni hazırkı acınacaqlı vəziyyətə gətirən yol barədə söhbət açılır.
Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Köçəryan-Sarkisyan cütlüyü olduğunu bildirir. O, eyni zamanda, uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunur. Baş nazir etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib.
Məqalədə ötən ilin iyul ayında Ermənistanın törətdiyi təxribatdan söz açan baş nazir “iyul döyüşləri”nin guya Ermənistanın xeyrinə olduğunu iddia edir və bundan ürəkləndiklərini bildirir:“Lakin həmin vaxt Azərbaycanın güc və imkanlarını düzgün hesablamadıq”.
Sentyabrda müharibəyə tək başlamadığını bildirən Paşinyan müharibə qərarının Ermənistan hakimiyyətində geniş müzakirə edildiyini, kollektiv şəkildə verildiyini qeyd edir.

Siyasi elmər namizədi, Politoloq Cümşüd Nuriyev Paşinyanın acı etirafları barədə fikirlərini “Sherg.az”la bölüşüb. Analitikin qənaətincə, Paşinyan ilk dəfə düz danışmağa başlayıb:

“O, son 2 il ərzində təxribatlarla məşğul olurdu. Gündəmə gətirdiyi məsələlərin əksəriyyətində Azərbaycanla qarşıdurmaya getməkdə maraqlı idi. Etiraflardan sonra bəlli olur ki, Paşinyanı müharibəyə sövq edən qüvvələr var. Həmin qüvvələr təkcə Ermənistanın daxilində yox, həmçinin kənarda fəaliyyət göstərir”.

Paşinyanın bu etirafları  çoxdan etməli  olduğunu deyən C.Nuriyevin fikrincə, Baş nazirin söylədiklərindən aydın olur ki, sentyabrın 27-nə qədər Azərbaycan haqqında düzgün və dəqiq məlumatı olmayıb:

“Baş verən hadisələri düzgün analiz edə bilməyiblər. Bu hal Ermənistan rəhbərliyinin siyasi baxımdan uzaqgörən olmadığına dəlalət edir.
Paşinyan etirafında deyir ki, Ermənistan müharibəyə hazırlaşmırdı. Yəni özlərinə o qədər arxayın idilər ki, hətta istəsəydilər, guya Azərbaycanı Kür çayına qədər ələ keçirəcəkdilər. Lakin Ermənistan rəhbərliyi Azərbaycanın müdafiə qüdrətinin güclü olduğunu hesablaya bilməyib. Deməli, Azərbaycan müdafiə qabiliyyətini gizlətmək bacarığını əldə edə bilib”.

Politoloq vurğulayıb ki, son 20 ildə Paşinyandan öncə də həm Köçəryan, həm Sarkisyan daha çox populist çıxışları ilə gündəmdə qalıblar:

“Bu, nə qədər acı olsa da, Ermənistanın dövlətçilik təcrübəsinin olmadığını göstərir. Paşinyanın etiraflarında məqsəd özündən qabaqkıların uzaqgörən olmadıqlarını göstərməkdir. Paşinyan bir məqamı da etiraf edir: Ermənistanı qızışdıran qüvvələrin onları yarı yolda qoyublar. O, açıq formada söyləyir ki, istər Rusiya, istər İran tərəfi onlara yalan danışıb. Rusiya və İran ordumuzun gücünü hiss edəndən sonra ərazi bütövlüyümüzü dəstəkləməyə başladılar.
Ermənistanın bölgədə yürütdüyü işğalçılıq siyasətində havadarlarının yanında olmağına baxmayaraq, onların da uzaqgörən siyasətinin olmadığı Paşinyanın məqaləsi ilə gündəmə gəldi”.