ABŞ-da siyasi katakilizm ! – “Bu, Tramp-Bayden qarşıdurması deyil...” – ŞƏRH

“Hadisələr ABŞ siyasi sisteminin böhran içində olduğunun təzahürüdür və vəziyyət getdikcə dərinləşəcək”

“Görünür, ölkədə ciddi seçki islahatlarına ehtiyac var”

“Proseslər seçkilərin nəticəsinə təsir göstərməyəcək” 


Amerikada Nyu-York ştatının qubernatoru Endryu Kuomo ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarlarının Vaşinqtondakı Kapitolinin ələ keçirilməsini çevriliş cəhdi adlandırıb.“Daily Gazette” bu barədə xəbər yayıb. Onun sözlərinə görə, bu, “konstitusiyanı və qanunun aliliyini hər addımda pozan səriştəsiz, qəddar və bölücü bir idarənin” son rəhbəridir:

“Prezident Trampın, ona kömək edən Konqres üzvlərinin və ya Kapitoliyə hücum edən cinayətkar dəstənin demokratiyamızı oğurlamasına icazə verməyəcəyik”.
Qeyd edək ki, etirazçılar yanvarın 6-da Kapitoli binasına girərək, Senat zalını mühasirəyə alıblar.

Belə bir vaxtda ABŞ-ın keçmiş Prezidenti Barak Obama Vaşinqtondakı iğtişaşlarda hazırkı dövlət başçısı D.Trampı günahlandırıb. O, tarixin haqlı olaraq Kapitolidə bu gün baş verən amansızlıqları unutmayacağını və ən böyük utanc anı kimi xatırlayacağını deyərək, bunun qanuni seçkilərin nəticələri barədə əsassız yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki nəticəsində yarandığını vurğulayıb.

Obama son saatlarda baş verənləri uduzan partiyanın demokrat Cozef Baydenin qalib gəlməsini qəbul edə bilməməsi ilə əlaqələndirib. Bütün bunlar o deməkdir ki, Trampın asanlıqla təslim olmaq fikri yoxdu. O, əgər belə demək mümkünsə, son nəfəsinədək mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, D.Tramp son hadisələrdən və Co Baydenin rəsmi olaraq ABŞ Prezidenti seçilməsindən sonra ofisi təhvil verəcəyi ilə bağlı yazılı açıqlama verib. Bu barədə “Haber Global” məlumat yayıb.

“Nəticə ilə qətiyyən razı deyiləm, həqiqətlər mənim haqlı olduğumu sübut edir. Yenə də 20 yanvarda nizamlı şəkildə prezidentlik postunun təhvil verilməsi olacaq. Bu, ABŞ-ı yenidən böyük etmək üçün apardığımız mübarizənin yalnız başlanğıcıdır”.


ABŞ-dakı siyasi təlatümü “Sherg.az”a dəyərləndirən politoloq Azər Rəşidoğlunun fikrincə, bu, ölkənin beynəlxalq imicinə ciddi zərbədir:

 “İlk dəfə idi ki, ABŞ-da hansısa seçkilər bu qədər mübahisəli olur və katakilizmlə nəticələnirdi. Əslində məsələ Tramp-Bayden qarşıdurması deyil. Baş verən olaylar ABŞ siyasi sisteminin böhran içində olduğunun təzahürüdür və bu vəziyyət getdikcə dərinləşəcək. Görünür, ölkədə ciddi seçki islahatlarına ehtiyac var. Demokratik ölkə kimi tanınan bir ölkədə belə halların baş verməsi utanvericidir. Bir vaxtlar Corc Buş deyirdi ki., qarşıdurmalar “banan respublikaları”nda baş verir. Görünür, ABŞ-ın “banan respublikaları”ndan heç bir fərqi yoxdur”.

A.Rəşidoğlu bu proseslərin prezident seçkilərinin nəticəsinə təsir göstərməyəcəyini  düşünür: 

“Tramp diktator və tiran olduğunu üzə çıxardı. Hətta münbit şərait olsa, ABŞ-da diktatura rejimi qurula bilərdi. Amma bütün bunların Baydenin siyasi karyerasının qarşısını ala biləcəyini düşünmürəm. Ancaq yaşı ona mane ola bilər. İkinci bir tərəfdən isə ABŞ-da pezident simvolik xarakter daşıyır. ABŞ siyasətini qlobal güclər idarə edir. Lakin onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın nüfuzu zədələndi. Bu, Baydenə çətinlik yaradacaq” .