Təklif: “Şəhid ailələri ilə işin təşkili “Yaşat Fondu”na verilsin !”

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezident İlham Əliyevin imzaladığı Fərmana dəyişiklik edilib. Ölkə başçısı dəyişikliklə bağlı yeni fərman imzalayıb.  Fərmana əsasən, Bakı şəhəri və paytaxtın 12 rayonu, eləcə də Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naxçıvan və Naftalan şəhər icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılır.


Qazi və şəhid ailələrinin problemləri mediada daim işıqlandırılıb. Təəssüf ki, icra hakimiyyətlərinin bu işdə məhsuldar və səmərəli fəaliyyət göstərmədikləri heç kimə sirr deyil. Yeni şöbənin yaradılması şəhid ailələri ilə bağlı işin təşkili və mövcud problemlərin həlli üçün nəzərdə tutulur. Amma bir sual hasil olunur: Effektiv fəaliyyət üçün idarəçilik hansı qurumun nümayəndələrinə həvalə olunacaq?

Millət vəkili Razi Nurullayevin “Sherg.az”a açıqlamasına görə, yeni şöbənin yaradılması şəhid ailələri ilə birbaşa məşğul olmaq üçün işləri asanlaşdırılacaq:

“Cənab Prezident sağ olsun ki, belə bir qərar verdi. Amma məsələnin çətin bir tərəfi var. İstənilən işin həyata keçirilməsi üçün maliyyə vəsaiti lazımdır. Azərbaycanın bütün bölgələrində şəhid ailələri var. Fikrimcə, şəhid ailələri ilə məşğul olmaq və onların problemlərini həll etmək üçün hər hansı bir nazirliyin tərkibində qurumun yaradılmasına ehtiyac var idi. Həmin qurumun nümayəndələri icra hakimiyyətlərində fəaliyyət göstərə bilərlər. Lakin iş bir mərkəzdən idarə olunmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən olan nümayəndələr bu işi görə bilərlər. Yaxud da “Yaşat Fondu”nun da yeni şöbəsinin yaradılması mümkün idi. Bu şöbə “Yaşat Fondu” ilə bərabər fəaliyyət göstərə bilər. Atılan hər bir addım şəhid ailələri və müharibə iştirakçılarının problemlərinin həllinə yönəlib. Bu, müsbət dəyərləndirilməlidir”.

R.Nurullayev icra hakimiyyətlərindəki nümayəndələrin mövcud problemləri həll edəcəyinə inanmadığını söyləyib:

“Onsuz da icra hakimiyyətləri bu işlə məşğul olurdu və böyük narazılıqlar var idi. Onların problemləri həll etmək üçün nə mümkün qədər vəsaitləri, nə də səlahiyyətləri var. Həmçinin inanmıram ki, istər vətəndaş cəmiyyətindən, istərsə də başqa qurumlardan olan şəxslər bu işlə məşğul olsalar, gözləntiləri doğruldacaqlar.

Fikrimcə, bütün səlahiyyətlər “Yaşat Fondu”na verilməlidir. Bu Fondun nümayəndələri icra hakimiyyətlərinə təyin olunmalı və iş bir mərkəzdən idarə edilməlidir”.