Bumeranq effekt !  

“Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan ölkələrin özləri nə vaxtsa bu problemlə üz-üzə qalacaqlar”

“Beynəlxalq təşkilatların verdiyi bəyanatlar hüquq normalarının bərqərar olması üçün kifayət etmədi”

Dünən Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox mühüm məqamlara toxunub. Ölkə başçısı bildirib ki, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərən şirkətlər məsuliyyətə cəlb olunacaq:

“Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. 
Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq”.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə bu barədə “Sherg.az”a danışarkən həmin tərəflərin gec-tez analoji situasiya ilə rastlaşacağını bildirib:

 “Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan ölkələrin özləri nə vaxtsa bu problemlə üz-üzə qalacaqlar.

 Beynəlxalq təşkilatların verdiyi bəyanatlar hüquq normalarının bərqərar olması üçün kifayət etmədi. Azərbaycan özü qətnaməni icra etsə də, onlar öz oyunlarını oynamaqdadırlar.

 Təəssüf ki, bəzi Avropa siyasətçiləri siyasi korrupsiya ilə məşğul olduqlarına görə belə addımlar atırlar. Amma bu, bumeranq effekti verməyə başlayıb və tədricən daha da kəskinləşəcək”.