Prezidentin təşəbbüsü qürurvericidir !- “ Şuşada rəsm əsərləri sərgilənməlidir”

“Məsələn xaricdə dostlarım var. Mənə deyirlər, Qarabağda sərgi təşkil etsəniz, məmnuniyyətlə gələcəyik”

“İnşallah Qarabağda festivallar keçirək, konsert proqramları reallaşdıraq, teatrlar yaradaq”


Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Ölkə başçısı bildirib ki, Şuşa şəhəri bu ada layiqdir:
“Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, eyni zamanda, tələsmədən Şuşanın ilkin görünüşü, tarixi siması bərpa edilməlidir”.

Ölkə başçısı erməni barbarlığından da söz açaraq deyib ki, biz bütün tarixi abidələrimizi bərpa edəcəyik.

Məlum təşəbbüsü yüksək qiymətləndirən Azərbaycanın xalq rəssamı , professor, YUNESKO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov “Sherg.az”a mövzu ilə bağlı bunları söyləyib:

“Qarabağ həmişə bizim üçün əzizdir, doğmadır. Şuşa isə oranın konservatoriyası olub. Şuşada, Qarabağda gözəl xanəndələr, əvəzsiz səslər doğulub. Təəssüf ki, Qarabağımız 30 ildir işğalda idi. Ordan olan vətandaşlar yurdlarından  qaçqın düşdülər. Fikrimcə, həmin illər ərzində o istedaddan bir balaca uzaqlaşdılar. Çünki həmin qabiliyyət Qarabağın torpağından, suyundan  gəlirdi. Düşmən evlərlə, abidələrlə, torpağımızla yanaşı bu istedadlara da zərbə vurdu.  Özləri də işğal olunmuş torpaqlarda inkişaf etmədilər, xarabalıqdakı bayquş kimi yaşadılar. Lakin  mədəniyyətimizə müəyyən qədər zərər toxundu. Xalçalarımızı oğurlayıb, öz adlarına çıxardılar və xaricdə satdılar. Mənfur düşmənimiz həmişə belə naqis olub”.

Sənətkar həmçinin qeyd edib ki, cənab prezidentin fikirləri ilə tamam razıdır:

“Bir  də düşünürəm ki, Şuşa həm də Qarabağın paytaxtı olmalıdır. Çünki o ada layiqdir. Axı Şuşa əzizimizdir. Görün o cənnət məkandan kimlər çıxıb.  Şuşada çox dahi insanlar, şəxsiyyətlər boya-başa çatıb. Ona görə bu təşəbbüsü dəstəkləyirəm. Bir mədəniyyət  xadimi kimi əlimdən gələn köməyi etməyə hazıram. Fikrimcə, orda müasir tələblərə cavab verən muzey tikilməlidir. Rəssamların əsərləri sərgilənməlidir. Məsələn xaricdə dostlarım var. Mənə deyirlər, Qarabağda sərgi təşkil etsəniz, məmnuniyyətlə gələcəyik. İnşallah Qarabağda festivallar keçirək, konsert proqramları təşkil edək, teatrlar yaradaq. Bu gözəllik Allahın bəxş etdiyi paydır. Tanrının hədiyyəsini göz bəbəyimiz kimi qorumalıyıq. Qarabağa xas olan xalçaçılıq sənətini bərpa etməliyik. Qarabağın özünəməxsus xalçaçılıq məktəbi var idi. Bütün bunları yenidən canlandırmalıyıq. O zaman Qarabağdan çıxan dahilərin, istedadlı adamların sayı daha da artacaq. Prezidentin təşəbbüsünü eşidəndə çox sevindim. Qürurverici addımdır”.