Baş verənlər Amerikanın tarixində qara iz qoydu

Elitarların qarşıdurması güclənə bilər

"Əgər hadisələr Trampla Baydenin arxasındakı güclərin iştirakı ilə baş verirsə və ölkəni quran, idarə edən daxili siyasi elitalar arasında cərəyan edirsə, o halda etirazlar ciddi fəsadlarla nəticələnə bilər"


ABŞ Prezidenti Donald Trampın “seçkini biz qazandıq” sözlərinin ardından ölkə bir anda qarışıb. Küçələrə axışan Tramp tərəfdarları Konqres binasına giriblər. Öncə Konqres qarşısında etirazçılarla polis arasında qarşıdurma baş verib. Ancaq Trampın tərəfdarları binaya girməyə nail olublar. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Toqquşmalarla əlaqədar Senatın və Nümayəndələr Palatasının iclası yarımçıq dayandırılıb. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Qarşıdurma nəticəsində 4 nəfər həlak olub, onlarla insan xəsarət alıb, 20 etirazçı isə həbs olunub. Konqres 1814-cü ildəki ingilis hücumundan sonra ilk dəfə bu cür güc tətbiqinə məruz qalıb. Həmin il Vaşinqtona hücum edən ingilis qoşunları Konqresə də daxil olmaqla, binaları yandırmışdı. 

Konqres prezident seçkiləri ilə bağlı qərarını açıqladı

Konqresin palatalarının birgə iclası ötən gecə baş vermiş iğtişaşlardan sonra bərpa olunub.Yanvarın 7-də toplantını davam etdirən qurum yekun qərarını açıqlayıb. Hər iki palatanın birgə iclasında Co Baydenin prezident seçkilərində qələbəsi təsdiq edilib. Vurğulanıb ki, yeni seçilmiş prezident seçkilərdə 270-dən çox seçki kollegiyasının səsini qazanıb. 46-cı prezident Co Baydenin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb. 

Tramp: “Yanvarın 20-də vəzifəmdən gedəcəyəm”

Trampın Senat və Nümayəndələr Palatasının Co Baydenin prezident seçilməsini təsdiqləyən qərarına münasibəti gecikməyib. Prezident seçkinin nəticələrini qəbul etmədiyini deyib: “Seçkinin nəticələrinə tamamən qarşı çıxsam da, qaydaya uyğun olaraq yanvarın 20-də vəzifəmdən gedəcəyəm”. 

“Bu insan Ağ Evə daxil olmayacaq”

Hazırkı Prezident Donald Tramp vitse-prezident Mayk Pensin əsas köməkçisinə Ağ Evə daxil olmağı qadağan edib. NBC telekanalının məlumatında bildirilib ki, söhbət vitse-prezidentin Seçki kollegiyasının səslərinin hesablanması ilə bağlı məsələlərə dair məsləhətçisi Mark Şotredən gedir. Şotre ölkədə keçirilmiş seçkilərin nəticələrini ləğv etməkdən imtina edib. Bu səbəbdən Trampın qəzəbinə tuş gəlib. 

Baydendən ilk açıqlama: Şokdayam!

Seçilmiş prezident Co Bayden baş verənləri təəssüflə qarşılayıb. Bildirib ki, ABŞ demokratiyası görülməmiş bir hücuma məruz qalıb: “Prezident Trampa səslənirəm. Televiziyaya çıx, andına sadiq qal, Konstitusiyanı müdafiə et, bu blokadaya son qoyulmasını istə. Bütün dünya bizi izləyir. Şokdayam, ölkəmizin belə bir qaranlıq nöqtəyə çatması məni kədərləndirir. Bu anın və növbəti 4 ilin yeganə hədəfi demokratiyanın yenidən bərpa olunmasıdır”.

Avropa İttifaqı ABŞ-la bağlı qərarını verdi 

Avropa İttifaqının təmsilçisi Vaşinqtonda Tramp tərəfdarlarının Konqres binasına basqınını tənqid edib. Ursula Von Der Leyen sosial şəbəkə hesabında Baydenin “Amerika bu gün gördüyümüzdən daha yaxşıdır” sözlərini işarə edərək, ABŞ qurumlarının və demokratiyasının gücünə inandığını deyib: “İqtidar barışcıl şəkildə təhvil verilməlidir. Co Bayden seçkilərdə qalib gəlib. ABŞ-ın bundan sonrakı prezidenti olaraq, onunla çalışmağı dörd gözlə gözləyirəm”. 

Rusiya Amerikadakı iğtişaşları lağa qoydu

ABŞ-da baş verənlərə Rusiyadan maraqlı reaksiyalar gəlib. Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev baş verənləri “demokratiyanın hər iki ayağının axsaması” kimi şərh edib. Senatorun sözlərinə görə, Vaşinqton başqa ölkələrə kurs sırımaq haqqını itirib: “Demokratiya bayramı başa çatıb. Bu, təəssüf ki, əslində dibə çöküşdür, mən bunu bədxahcasına sevinmədən deyirəm. Amerika artıq kurs qoymur, üstəlik, başqalarına demokratiya kursu təyin etmək üçün bütün hüquqlarını da itirib”. Senatorun qənaətincə, amerikalıları etirazlara sürükləyən səbəblər Donald Trampın “özünəvurğunluğu, eksentrikliyi və avantürizmi” olub.

Netanyahudan ABŞ olaylarına reaksiya..

İsrailin Baş naziri Benyamin Netanyahu Kapitoliyə hücumu utancverici adlandırıb. O vurğulayıb ki, onun üçün ABŞ demokratiyası hər zaman ilham mənbəyi olub: “Baş verən bu şiddət olayı amerikalıların və israillilərin müdafiə etdikləri dəyərlərə uyğun gəlmir. Həmişəki kimi ABŞ demokratiyasının qalib gələcəyinə şübhə etmirəm”. 

“Amerika banan ölkəsi deyil...”

Demokratiyanın beşiyi sayılan ABŞ-da yaşananlar təkcə Trampın rəqibləri deyil, dünyanın əksər ölkələri, beynəlxalq təşkilatlar, hətta təmsil etdiyi Respublikaçılar Partiyasının üzvləri tərəfindən də kəskin pislənilib. Eks-respublikaçı prezident Corc Buş isə Trampı ittiham edərək “ABŞ-ın banan ölkəsi olmadığını” bəyan edib. 

“Elitaların qarşıdurması Amerikanın parçalanmasına gətirib çıxarar”



ABŞ-dakı etirazları “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli vurğulayıb ki, amerikalılar başqa ölkələrə ixrac etdikləri prosesləri nəhayət özləri də yaşadı. Analitikin fikrincə, əgər baş verənlər Trampın özfəaliyyətidirsə, etirazlar qısa zamanda səngiyəcək:

“Baydenin prezidentliyi təsdiqlənib, artıq geriyə yol yoxdur. Əgər ABŞ-dakı hadisələr Trampla Baydenin arxasındakı güclərin iştirakı ilə baş verirsə və ölkəni quran, idarə edən daxili siyasi elitalar arasında cərəyan edirsə, o halda etirazlar ciddi fəsadlarla nəticələnə bilər. Məsələn, Texas ştatı ABŞ-dan ayrılmaq üçün fürsət gözləyir.

Texas digər ştatlardan fərqli olara xüsusi muxtariyyət statusuna malikdir. Elitaların qarşıdurması Amerikanın parçalanmasına səbəb olar.

Bir müddət sonra aydın olacaq ki, olaylar konkret hansı qüvvələrin maraqlarına xidmət edir, arxasında kimlər dayanır. İstənilən halda dünyanın super ölkəsində müşahidə edilən proseslər Amerikanın tarixində qara iz qoydu.

Bir neçə ildən sonra bu yaranın yenidən qanayacağı istisna edilmir. Artıq ABŞ da hakimiyyəti qorxudan etirazlardan, kütləvi aksiyalardan sığortalanmayıb”.