Ermənistan Rusiya telekanallarını qapatdı

Şakir Ağayev: "Kreml erməni baş nazirin mövqeyini və onun anti-Rusiya baxışını yaxşı bilir"

Məlumdur ki, Ermənistanda Rusiyanın bir neçə telekanalının açıq yayımı qadağan olunub. Yalnız “RTR-Planeta”, “Rossiya-Kultura” və “Birinci kanal” paytaxt Yerevanda açıq yayım hüququnu qoruyub saxlayıb. Xatırladaq ki, ötən ilin avqustunda Ermənistan Prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir.

Ekspertlər Yerevan hökumətinin bu qərarının siyasi mahiyyət kəsb etdiyini, Moskvaya mesaj xarakteri daşıdığını iddia edirlər. İstənilən halda Rusiyanın vassalı sayılan Ermənistanda rus kanallarına qadağa qoyulması Kremldə təəccüb və kəskin reaksiya ilə qarşılanmaqdadır. Rusiyalı analitiklər buna görə birbaşa Paşinyan hökumətini ittiham edirlər. 

“Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Şərq”ə açıqlamasında bildirib ki, Nikol Paşinyanın hakimiyyətə gəlişində Qərbin, SOROS Fondunun rolu hamıya bəllidir. Baş redaktorun sözlərinə görə, Qərb dairələri Paşinyanı küçədən hakimiyyətə daşıyarkən qarşısında müəyyən öhdəliklər qoyublar:

“Paşinyan Ermənistana rəhbərlik etdiyi dövrdə Rusiyanın ölkədəki təsir imkanlarını azaltmalı, tədricən ortadan qaldırmalı idi. Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmalıydı. Baş nazir mərhələli şəkildə öz missiyasını həyata keçirirdi. Rusiya kanallarının və məktəblərinin bağlanması prosesi bir ilə yaxındır başlayıb.

Ancaq 44 günlük müharibə və sonrakı proseslər Paşinyanın əlini soyutdu. Baş nazir anladı ki, indiki məqamda Moskvadan üz döndərmək onun siyasi karyerasının sonu olacaq. Ona görə də prosesi bir qədər ləngitdi”. 

Ş.Ağayevin fikrincə, bir neçə kanalın sadəcə paytaxta yayımlanmasına icazə vermək sadəcə imitasiya xarakterlidir:

“Gülünc qərardır. Əgər rus kanalları qadağan olunursa, ölkənin hər yerində yayımı dayandırılmalıdır. Təsəvvür edin, paytaxt sakinləri rus kanallarına baxır, amma digər bölgənin insanları bundan məhrum buraxılır. Bu necə məntiqdir?! Görünür, Paşinyan Rusiyadan tam qırılmamaq və təzyiqlərə məruz qalmamaq üçün belə absurd qərar verməyə məcbur olub. Kreml erməni baş nazirin mövqeyini və onun anti-Rusiya baxışını yaxşı bilir.

Paşinyan isə gözləyir ki, ABŞ-ın yeni prezidenti Co Bayden səlahiyyətləri tam əlinə alsın və o da öz kreslosunu bərkitsin. Amma Paşinyanı hakimiyyətdə uzun müddət saxlaya biləcək qüvvə yoxdur. Baş nazir getmək ərəfəsindədir”.