"Akkord" əjdaha kimi suyun başında dayanıb


Qazaxın Daş Salahlı kəndinə məxsus olan suyu kəndə vermirlər

Bakı şəhər sakini Əliyev Əvəz Hüseyn oğlu doğulduğu Qazax rayon Daş Salahlı kəndinin hələ də həllini tapmayan su problemi barədə redaksiyamıza müraciət edib. Uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını deyən Əvəz bəy məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticə vermədiyini bildirib: “Kəndimizdə “Dəmyə” deyilən bir ərazi var. Bu ərazi dağın ətəyində yerləşir və susuz bir yerdir. 2016-cı ildə həmin ərazidən 10 sot yer aldım və ev tikdim. Evimin yuxarı hissəsindən 50-100 metr məsafədə “Akkord Sement Zavodu”nun su kəməri gedir. Hansı ki, həmin su nəinki Daş Salahlı kəndinə, bütün Qazax rayonuna bəs edər.

Kəndin su problemi illərdir ki, qalır. Kənddə elə məhəllələr var ki, hər dəfə 20 manat verib su gətizdirir. Bu haqda müvafiq orqanlara şikayət məktubu yazdım. 

Növbəti dəfə qərara gəldim ki, “Akkord Sement Zavodun”dakı su kəmərinin kənd sakinlərinə verilməsi üçün müraciət edim. Əvvəla onu deyim ki, zavod ərazisindəki torpaq və su, bir sözlə, bütün yer Daş Salahlı kəndinin sakinlərinə məxsusdur.
Hazırda elə bir dövrdür ki, insanları sayan yoxdur, kimin imkanı varsa, o öndədir. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarovaya  və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə yazdım. Eyni zamanda millət vəkili Səməd Seyidova da müraciət etdim. Məktubumda Səməd müəllimə bildirdim ki, siz bizim rayonun millət vəkilisiniz, xahiş edirəm köməklik göstərin əhali su ilə təmin edilsin. Səməd müəllimin köməkçisi Akif Əmrullayev mənimlə danışıb vurğuladı ki, məsələ ilə maraqlanacaqlar. 

Ə.Əliyev bildirib ki, evinin yanında kənd sakinlərinin rahatlığı üçün oğlu Emil Əliyevin adına bulaq tikdirmək istəyir: 
“Oğlum Emil Əliyev 2009-cu ildə Naxçıvan  Dövlət Universitetinin “Hüquq fakültəsi”nin 4-cü kursunda oxuyarkən xərçəng xəstəliyinə düçar oldu. Oğlumu 3 il respublikadan kənarda müalicə etdirdim.

Amma heç bir fayda vermədi. Oğlum 2011-ci ildə dünyasını dəyişdi. Bir ata üçün ən ağır olan acı həqiqətlə bu gün Daş Salahlı kəndinin “Dəmyə” ərazisində  yaşayan imkansız vətəndaşlar üçün təqaüdüm hesabına oğlumun adını yaşatmaq məqsədilə xeyriyyə bulağı tikdirmək istəyirəm.  
Bunun üçün bəlkə də yüz dəfə “Akkord Sement Zavodu”na getmişəm. Zavodun İdarə Heyətinin sədri Vüqar Süleymanova da yazılı müraciət etmişəm. Nə məni qəbul edən oldu, nə də dərdimi dinləyən. 5 nəfər polisi də qoyublar zavodun qarşısına, imkan vermirlər ki, insanlar sözünü desin. Kənd camaatına məxsus olan suyu vermirlər. İnsanlar məcbur olub pul ödəyir.

Bu məsələnin həllini tapması üçün Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev və millət vəkili Səməd Seyidova müraciət edirəm. Xahiş edirəm ki, problemin həlli üçün aidiyyəti orqanlara müraciət edəsiz və bu gün Daş Salahlı kəndində “Dəmyə” ərazisində yaşayan imkansız vətəndaşların dərdinə şərik olasınız”.