Şəkər xəstələrinin NƏZƏRİNƏ: “Qazlı içkiləri azaldın” 

Gündəlik iş rejimi, şəhər həyatı, tıxaclar, sosial problemlər insanların daha tez yorulmasına səbəb olur. Belə hallar xroniki yorğunluqdur və yüngül istirahətlə keçib gedir. Ümumilikdə, yorğunluğun səbəbi çox ola bilər. Bunlara cəmiyyətdəki problemləri də daxil etmək mümkündür.
Araşdırmalara görə, insan səhhətində olan bəzi problemlər tez-tez yorğunluq, eyni zamanda aclıq hissi yaradır. Qan çatışmazlığı, müxtəlif infeksiyalar, qaraciyər, ürək və böyrək çatışmazlıqları, orqanizmdə vitamin və mineralın yetərincə olmaması, metobolik pozulmalar, hormonal pozğunluqlar kimi ciddi problemlər də yorğunluğun ilk göstəriciləridir.

Dietoloq Nərgiz Nəzirova “Sherg.az”a bildirib ki, gün ərzində qanda şəkərin yüksək miqdarı qlükozanın hüceyrələrə daxil olmasını əngəlləyir. Nəticədə orqanizm yetəri qədər enerji almır və yenidən qida tələb edir. Şəkər asılılığının əlamətlərini sadalayan dietoloq xroniki yorğunluğun da bununla bağlı ola biləcəyini qeyd edib:

“Qanda şəkərin yüksək miqdarı nəticəsində orqanizm qlükozanı düzgün mənimsəyə bilmir. Enerji çatmır və qeyri-düzgün sərf olunur, hüceyrələr yetəri qədər qidalanmır. Bu da xroniki yorğunluğun meydana gəlməsinə yol açır.

Düzgün iş üçün beyinə yetəri qədər şəkərin ehtiyac duyduğunu bilirik, amma onun artıq miqdarı beyinə yetəri qədər qida getməsini əngəlləyir. Nəticədə diqqət və düşüncə qabiliyyəti azalır, konsentrasiya problemləri yaranır.

Qanda şəkərin səviyyəsinin yuxarı olması xrom mineralının mənimsənilməsinə mane olur, o isə əhval-ruhiyyəni təmin edir. Xromsuz insulin də düzgün işləyə bilmir, nəticədə hər şeydən qıcıqlanma, əhval-ruhiyyənin aşağı olması kimi əlamətlər özünü göstərməyə başlayır.

Xüsusən də sidikçıxarıcı yolların tez-tez infeksiyaya tutulması da şəkər asılılığının əlamətləri arasındadır. Bu problemə kişilərdə də, qadınlarda da rast gəlinə bilər.

Qanda şəkərin yüksək miqdarı maya göbələkləri və bakteriyalar üçün yaxşı şərait yaradır. Özündə problem hiss edənlər qazlı içkilərin, şirniyyatın miqdarını azaltmalıdır”.