Ekspert aydınlıq gətirdi: “Ət və ət məhsulları virus daşıyıcısı ola bilər”

Əhalinin ət və ət məhsullarına tələbatı çoxdur.  Bu məhsullar nəzarətsiz qalarsa, insanlar üçün xəstəlik mənbəyi ola bilər. Bəzən satıcılar özləri də, bundan məlumatsız olurlar. Ölkəyə  gətirilən ət və ət məhsullarının nəzarətsiz qalma hallarının yaşanmaması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qərarlar qəbul edir, tədbirləri gücləndirir. 

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) Ukraynanın Xerson (Kherson) vilayətinin Kaxovka rayonu və Koreya Respublikasının Çunqçeonqnam-Do (Chungcheongnam-Do) əyaləti ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Bolqarıstan Respublikasının Blaqoyevqrad (Blagoevgrad) vilayətinin ərazisində blutanq xəstəliyinin qeydə alınması barədə məlumat yayıb.

AQTA-dan bildirilib ki, Bolqarıstanın Blaqoyevqrad, Koreya Respublikasının bütün ərazisindən və Ukraynanın Xerson vilayətindən diri quş və quş məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. 

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna, Koreya və Bolqarıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Maraqlıdır, qəbul edilən qərar xəstəliklərin yayılmasının qarşısını almağa təsir göstərəcəkmi?

Bu barədə “Sherg.az”a danışan qida təhlükəsizliyi üzrə ekspert Vahid Həsənov qeyd edib ki, ət və ət məhsulları mikrob, virus daşıyıcısı ola bilər. Görünür, AQTA ehtiyat tədbirləri görür:

“Bununla yanaşı, inanmıram ki, AQTA-da ət və ət məhsullarında virusu müəyyən edən metodologiya olsun. Heç koronavirusun özü yaxşı tədqiq olunmayıb və vaksinasiyası da yoxdu. Qərarın düzgünlüyünü 50/50-yə dəyərləndirirəm".