“Avropa miqrantlarla vəhşi davranışı stimullaşdırır” – Yunanıstan “örnəyi”

“Öz ölkəsindən qaçıb qurtulmaq istəyən insanların dənizdə boğulmaq təhlükəsi ilə üz-üzə qalması Qərbin əxlaqını sərgiləyir”

“Avropa Birliyi Yunanıstana milyarlarla pul ödəyir ki, miqrantları AB sərhədlərindən içəri buraxmasın”

“Yunan əsgərləri məhz bu milyardlara görə, qeyri-insanı davranışlarla miqrantları dənizin ortasında ölümə tərk edirlər”

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu “Twitter” hesabında Yunanıstanın qeyri-insani davranışını əks etdirən videogörüntü paylaşıb. Görüntülərdə qanunsuz miqrantların Yunanıstan Sahil Mühafizə gəmisi tərəfindən Türkiyə ərazi sularına qovulduqları əks olunub. Videodan görünür ki, mühacir gəmisi batma təhlükəsi ilə üzləşir.

Onlar daha sonra Mühacirlər Türkiyə Sahil Mühafizəsi tərəfindən xilas edilir. Miqrantlardan biri deyib ki, üç saat qayıqda qalıblar və Yunanıstana çatıblar:“Bir qayıq gördük. Gördüyümüz gəmi Türkiyə qayığı deyildi, Yunanıstan qayığı idi və kömək edəcəklərini düşünərək yardım istədik. Gəldilər, motorumuzu aldılar, sonra geri dönməyimizi dedilər. Türkiyə Sahil Təhlükəsizlik qüvvələri gəlib bizi xilas edənə qədər bizi izlədilər”.
Nazir bildirib ki, hər gün baş verən bu qeyri-insani davranışa səsini çıxarmayan “Frontex”i və Avropa Parlamentini şiddətlə qınayırıq.



Baş verənlərlə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri bildirib ki, Yunanıstanın miqrantlara qarşı qeyri-insani münasibəti bir çox məqamı ortaya qoyur. 

Analitik söyləyib ki, miqrantlara qarşı olan bu davranış müsəlman Türkiyəsi ilə xristian Yunanıstanı arasındakı fərqi bariz şəkildə ortaya qoyur:

“Öz ölkəsindən qaçıb qurtulmaq istəyən insanların dənizdə boğulmaq təhlükəsi ilə üz-üzə qalması xristian dünyasının, xüsusilə qərbin əxlaqını sərgiləyir. Türkiyə sərhədlərindən kənarında hərbi əməliyyatlar keçirir. Qardaş ölkə bu əməliyyatlar zamanı o qədər həssas davranır ki, nəticədə bir nəfər mülki şəxsin burnu belə qanamır. Bu, türk dünyasının güc əxlaqını ortaya qoyur. ABŞ-ın hərbi əməliyyatlarında isə günahsız şəxslərin zərər görməsi öndə tutulmur. Onlar üçün əsas olan nəticədir”.

N.Miri qeyd edib ki, Avropa ölkələri miqrantlarla vəhşi davranışı daha da stimullaşdırır:

“Avropa Birliyi (AB) Yunanıstana milyarlarla pul ödəyir ki, miqrantları AB sərhədlərindən içəri buraxmasın. Yunan əsgərləri məhz bu milyardlara görə, qeyri-insanı davranışlarla miqrantları dənizin ortasında ölümə tərk edirlər. Amma Türkiyə insanlıq nümunəsini bütün dünyaya göstərdi. Bu davranışa əks çıxan ölkələr xristian, xüsusilə qərb dünyasıdır. Məhz belə fərqlilik Türkiyənin  dəstəklənməsinə gətirib çıxarır. Beləliklə, türk dünyasına doğru meyillənmə güclənir. Bu hal qərb ölkələrini narahat etsə də, qardaş Türkiyə beynəlxalq səviyyədə və sürətli şəkildə hərtərəfli inkişaf edir”.