“Amerikadakı hadisələrdə Rusiyanın “əli” varmı? – Aktual şərh 

ABŞ Konqresi Kapitoli binasında baş verən iğtişaşlar və Vaşinqtonda tətbiq edilən komendant saatı rejimi fonunda Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib. Bu ölkə telekanalları bildirir ki, Cozef Bayden seçkiçilərin Konqres tərəfindən təsdiqlənən 270-dən çox səsini qazanıb.


Konqresdəki müzakirələr Vaşinqtonda Donald Tramp tərəfdarlarının Kapitoli binasına daxil olması zamanı baş verən iğtişaşlar fonunda keçirilir.

Səslərin təsdiqlənməsi ölkədə prezident seçkilərinin nəticələri ilə bağlı mübahisələrin davam etməsi üçün bütün konstitusiya imkanlarının qarşısını alır.
Kapitoli binası qarşısında baş verən etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər həlak olub. Həmçinin iğtişaşlar zamanı paytaxt polisinin ən azı 14 əməkdaşının da xəsarət aldığı bildirilir. Baş verən hadisədə Rusiyanın “əli”nin olduğuna dair bəzi iddialar da səsləndirilir.



ABŞ-dakı prosesləri “Sherg.az”a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun açıqlamasına görə, D.Tramp prezident seçiləndə ortaya iddialar atılmışdı ki, o, guya Rusiyanın köməyi ilə seçildi:

“Tramp 4 il ərzində bu iddiaları ortadan qaldırmağa çalışsa da, müyəssər olmadı. İndi də başqa versiya ortaya atılır ki, yenə Amerikadakı hadisələrdə Rusiyanın “əli” var. Guya Rusiya Baydenin rahatlıqla hakimiyyətdə oturmaq istədiyinə imkan vermək istəmir. Ona görə Tramp tərəfdarlarını bu cür həvəsləndirir.  Əslində bəllidir ki, Tramp özü öz tərəfdarlarını Kapitoli qarşısına səsləyib və siyasi naşılıq nümayiş etdirib”.

Politoloq vurğulayıb ki, ABŞ-dakı son hadisələr Rusiya, Türkiyə və İranın maraqlarına cavab verdi:

“Çünki Amerika bir çox dövlətlərə həmişə demokratiya və insan haqları mövzusunda dərs verməyə çalışıb. Rəngli inqilablar, ərəb baharı kimi hadisələr baş verdi. Amerika hər yerdə dəyişikliklər etməyə və hakimiyyətləri yıxmağa çalışırdı. İndi isə eyni proseslər öz daxilində baş verir. Əlbəttə ki, burada Rusiyanın maraqları var.

Hazırda Rusiyada belə bir düşüncə hökm  sürür: Necə ki, Trampın hakimiyyəti sual altında qoyulurdu, Bayden də hakimiyyətə qan üzərində gəldi. Son məlumatlara görə, iğtişaş zamanı 4 nəfər ölüb.

Yəni Rusiya bu məsələlərdə “dili uzun” oldu. Bu, Amerika üçün çox böyük faciəyə çevrildi. Konqresə 200 ildə 2-ci dəfədir ki, belə hücum təşkil edilir.

Həqiqətən də bundan sonra ABŞ-ın kiməsə dərs keçib, nəsə öyrətməsi çətin olacaq. Amma hesab etmirəm ki, Rusiyanın bu məsələdə birbaşa “əli” var. Əlbəttə, hadisələrin bu cür şəkil alması nəinki Rusiyanın, Çin, İran, Türkiyə və Amerikanın hədəf aldığı bir çox ölkənin maraqlarına səbəb oldu”.