Hərbi mundiri hamı geyinə bilməz ! – “Bu, qanunla tənzimlənir” 

Vətən müharibəsində iştirak etmək üçün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış və artıq ehtiyata buraxılmış bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda ölkə ərazisində hərbi geyim formasından istifadə etməsi halları müşahidə olunur.
Müdafiə Nazirliyindən  verilən məlumata görə, həmin şəxslərdən bəzilərinin hətta hərbi geyim formasını kobud şəkildə pozduğunun da şahidi oluruq. Bu kimi hallar müvafiq qanunvericiliyə zidd olmaqla yanaşı müzəffər Azərbaycan Ordusunun imicinə də xələl gətirir:

“Qeyd edək ki, hərbi geyim formalarının daşınması "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2001-ci il tarixli Fərmanı ilə tənzimlənir”.

Etiraf etmək lazımdır ki, mülki həyatda mundirlə gəzmək, həqiqətən, ona hörmətsizlikdir. Ehtiyatda olan polkovnik Elxan Qəniyev də bu fikirdədir. O, “Sherg.az”a açıqlamasında belə məsələlərin Qanunla tənzimləndiyini deyib:

“Tərxis olunan bütün zabit və əsgərlərin heç də hamısına hərbi formada gəzməyə icazə verilmir. Yalnız xidmətə görə fərqlənənlər belə səlahiyyət sahibidirlər. Əgər hər kəsə belə ixtiyar verilsə, onda nümunəvi hərbi qulluqçular necə fərqlənəcəklər? Nəzərinizə çatdırım ki, “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə müvafiq olaraq əsgər və zabitlərə hərbi forma daşımaq hüququ verilir”.