Bizimki bir “aşk” hekayəsi 

Edison Quliyev: “Belə qəhrəmanlarla ailə həyatı quran xanımlar vətənpərvərdirlər”

Lalə Mehralı: “O xanımın qazi Abbası xoşbəxt edəcəyinə inanıram” 


Bir deyim var: “ Hər sağlam insan əlilliyə namizəddir". Bəlkə də, fiziki qüsurlu deyilik; Qüsurlu olmağın hansı dezavantajlarının ola biləcəyini yaşamamışıq, ancaq bununla yaxın və ya uzaq mühitdə rastlaşırıq.  Belə gəncləri cəmiyyətə qazandırmaq insanların öz əllərindədir.
Dünən Vətən müharibəsində minaya düşərək sol ayağını topuq nahiyəsindən yuxarı itirən qazimiz Yusifov Abbas ailə həyatı qurub. Onların hekayəsi həm rənglidir, həm də ibrətamiz. Sosial şəbəkələrdə izləyicilər bu cütlüyün fotolarına xoş sözlər, arzular ünvanlanıb. Tənqidçi İradə Musayeva  gənclərin fotosunu paylaşaraq  “Bu şəkildə iki qəhrəman görürəm. Allah xoşbəxt eləsin” statusunu qeyd edib. Müharibə dövründə  qazilərimizlə bərabər xanımlarımız da, böyük şücayət nümayiş etdiriblər. Doğrudan da, 44 günılük Vətən müharibəsindən sonra ölkəmizdə təfəkkür yenilənir, insanlar dəyişir, cəmiyyət yenidən konfiqurasiya olunur. 




Mövcud məsələ və durumla bağlı “Sherg.az”a danışan psixologiya üzrə dosent, elmlər namizədi Edison Quliyev bildirib ki,  fiziki qüsurlu olan şəxslər çox ləyaqətli insanlardır və onların daxili dünyları olduqca zəngin olur. Onun sözlərinə görə, belə qəhrəmanlarla insanlarla ailə həyatı quran xanımlar vətənpərvərdirlər:

“Fiziki qüsurlu olan şəxslərə qarşı çox böyük mərhəmət hissi ilə yanaşılmalıdır. Adil İsgəndərin bir sözü var: “Elə insanlar var ki, qüsurludur, hətta müəyyən əqli geriliyə malikdirlər.  Lakin onların çox zəngin ürəkləri var”.

Qüsur taleyin işidir, buna başqa cür yanaşmaq doğru deyil. Xalqın mədəni səviyyəsini əks etdirən amillərdən biri də budur ki, fiziki qüsurlu şəxslərə  məhəbbət, qayğı hissi ilə yanaşılır. Fiziki qüsurlu insanlar sosiallaşır və xüsusilə, “Vətən müharibəsi”ndə iştirak edənlər cəmiyyətə xeyir veriblər. İctimaiyyətdə belə bir fikir formalaşmalıdır ki, fiziki qüsurlu şəxslər cəmiyyətin aktiv nümayəndələridir.

Vətən müharibəsi qəhrəmanları  Azərbaycan xalqının arzularını reallaşdırıblar. Bundan sonra belə hallar çox olacaq, bizim xanımlarımız qazilər ilə xoşbəxt həyat yaşayacaqlar”.



Bu barədə “Sherg.az” a danışan sosioloq Lalə Mehralı isə açıqlamasında vurğulayıb ki, insanlar artıq xırda detallara fikir vermir:

“ Fiziki məhdudiyyəti olan şəxslərin həmçinin qazilərin işləmə qabiliyyəti varsa, bu məsələ niyə  problem olmalıdır ki?! Əmək qabiliyyəti olan fiziki qüsurlu şəxslər ailə həyatı qurmaqda heç bir problem yaşamır. Qazi Abbasın nişanlısı ilə evlənməsi də buna görə təəccüblü qarşılanmadı. Qızın bu cür addım atmağı , məncə, gözlənilən idi.
Bu normaldır və milli düşüncədən irəli gəlir. O xanımın qazi Abbası xoşbəxt edəcəyinə inanıram. 
Cəmiyyətdə fiziki qüsurlu şəxslərə xor baxılarsa, onlar özünə qapanar və evliliyə meylli olmazlar.

Görünür ki, onun sağlamlığında  məhdudiyyət olmasını insanlar  xor görmür. Vətən uğrunda sağlamlığını itirmiş insana borclu olduğunu hər addımda  minnətdar olduğunu başa salırlar”.