Dünyada baş verənlər bizə də çatdı - “Facebook”da ələnmə prosesi...

Saxta profillərin deaktiv edilməsindən sonra belə bir vəziyyətin yaranacağı gözlənilən idi

2020-ci ilin dekabrında Azərbaycanın sosial şəbəkə bazarında “Pinterest” 22,98 faiz payla birinci yerdə qərarlaşıb. Bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə 20,5 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı noyabrla müqayisədə 2,76 faiz azalıb. “Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 0,25 faiz artaraq 24,69 faiz təşkil edib. "YouTube" istifadəçilərinin fəallığı bir ay ərzində 5,62 faiz artaraq 24,85 faizə bərabər olub. “Twitter”in payı 5,58 faiz, “VKontakte” sosial şəbəkəsinin payı 0,54 faiz təşkil edib.

Məsələyə münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov "Şərq"ə açıqlamasında vurğulayıb ki,  son zamanlar "Facebook" müxtəlif xoşagəlməz olaylarda müəyyən bir texniki alət kimi istifadə olunurdu. Ekspert əlavə edib ki, ABŞ Konqresində və Avropa Şurasında "Facebook"un rəhbərliyi ilə saatlarla dinləmələr keçirildi:

"Məlum oldu ki, "Facebook" sosial şəbəkəsindən bir çox neqativ məsələlərdə müəyyən bir texniki alət kimi istifadə olunmaqdadır.  Eyni zamanda "Facebook"da saxta profillərin sayının kütləvi şəkildə artması və bu səbəbdən  də insanların bura daha rahat şəkildə yığılması gələcək üçün təhlükələr törədə bilər. Ümumiyyətlə, bu dinləmələrdən sonra "Facebook" rəhbərliyi məcburən bir neçə qərar qəbul etməli oldu. Həmin qərarlardan biri də saxta profillərin və uzun müddət istifadə olunmayan profillərin deaktiv edilməsi idi. Bilirisiniz ki, qeydiyyatdan keçmiş insanların bəzən  bir neçə saxta profilləri olurdu. Ancaq artıq "Facebook"dan qeydiyyatdan keçmək istəyənlər  şəxsiyyət vəsiqəsi və ya hər hansı sənəd vasitəsilə profillərini təsdiq etməli olacaqlar. Bütün bu proseslərin fonunda "Facebook"da istifadəçilərin sayının ciddi şəkildə azalması ilə nəticələndi. Azərbaycanda da o cümlədən, istifadəçilərin sayında kifayət qədər ciddi azalmalar oldu. Təbii ki, bu tendensiya bütün dünya üzrə var". 

Ekspert qeyd edib ki, bu prosesin davamı kimi "Facebook"da fəaliyyət göstərən bəzi səhifələrin istifadəçilərinin bəyənmə sayında da ciddi azalmalar müşahidə olundu:

"Bundan başqa "Facebook" daha radikal addımlar ataraq, adi elementar bir neçə nəfərin şikayəti əsasında bir çox profilləri, eyni zamanda səhifələri kütləvi şəkildə bloklamağa başladı. Daha sonra bir sıra profil və səhifələrin funksiyalarını məhdudlaşdırılması prosesi həyata keçirildi. Bütün bunlar birmənalı şəkildə" Facebook" istifadəçilərinin sayının kütləvi şəkildə azalması ilə nəticələndi. Amma deyərdim ki, bu günləri yenə də "Facebook" digər sosial şəbəkələrlə müqayisədə liderdir. Çünki istifadəçilərin sayı hələ də üstünlük təşkil edir".