Güclü dövlət çalxalanır

ABŞ-da gözə görünməyən qüvvələrin mübarizəsi gedir

Səhnə arxasındakı əsas gücün məqsədi nəyin bahasına olur-olsun Trampın növbəti dəfə seçilməsinə imkan verməməkdir

Yanvarın 7-də ABŞ-ın hazırkı Prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında baş verən toqquşmalar səngisə də, proseslərin yenidən gərginləşəcəyi ehtimal edilir. Amerika hüquqşünasları və müxalifət qarşıdurmaya görə birbaşa məsuliyyəti Trampın üzərinə atırlar. Vaşinqtonun federal prokuroru vəzifəsini icra edən Mayk Şervin deyib ki, Trampın Vaşinqton Kapitolidəki iğtişaşlara görə mühakimə olunacağı istisna edilmir: “Bütün subyektlərin əməllərini araşdırırıq.

Bu işdə iştirak etdiyi sübuta yetiriləcək hər kəs qanun qarşısında məsuliyyətə cəlb olunacaq”. Yeni prezident Co Bayden də məhz Trampın Vaşinqtondakı iğtişaşlara səbəb olduğu qənaətindədir: “Onları etiraz aksiyasının iştirakçıları adlandırmağa cürət etməyin. Bu iğtişaş, etiraz aksiyası deyildi, xaos idi. Üsyançı kütlə, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi. Bu, Prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsidir”. Demokrat bildirib ki, “prezident qanundan ali ola bilməz”. 

“Diqqətimi hakimiyyətin Baydenə ötürülməsinə yönəldəcəyəm”

Donald Tramp Vaşinqtondakı iğtişaşları pisləyən videomüraciət paylaşıb. O, diqqətini yaxın gələcəkdə hakimiyyətin Co Baydenə ötürülməsi prosesinə yönəldəcəyini bildirib. Qeyd edək ki, Vaşinqtonda baş verən iğtişaşlardan sonra ABŞ-ın hazırkı prezidenti 12 saat müddətinə “Twitter”də yazmaq imkanından məhrum edilib. O, həmçinin səlahiyyət müddətinin sonunacan feysbuk və instaqramda da paylaşım edə bilməyəcək. “Twitch” xidməti və “Snapchat” sosial şəbəkəsi də Trampın akkauntlarını bloklayıb. Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının dörd yüksək vəzifəli əməkdaşı da Vaşinqtonda baş verən qarşıdurmalar, o cümlədən Trampın davranışları səbəbindən istefa veriblər. 

“ABŞ-dakı bu olay hamını şoka saldı...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Vaşinqtondakı olaylara münasibət bildirib. Ərdoğan deyib ki, ABŞ öz tarixində görünməmiş hadisə ilə qarşı-qarşıya qalıb: “Sözdə demokratiyanın beşiyi kimi tanınan Amerikadakı bu proses həqiqətən bütün insanlığı şoka salıb. Növbəti dövrdə ölkə Baydenlə sabitliyə qovuşacaq. Epidemiya dövründə həssaslıqla bu proses davam etməlidir. Beynəlxalq münasibətlərdə Ağ Ev də iştirak etməlidir”. 

“Ümid edirəm, dərs olacaq...”
 
İran rəhbəri Həsən Ruhani Trampın prezidentliyi dövründə ölkənin bəlaya düşdüyünü deyib: “Bir populist gəldi və dörd il ərzində öz ölkəsini bəlaya saldı. Sağlam olmayan adam hökumətə gələndə öz ölkəsi və dünya üçün problemlər yaradır”. Ruhani həmçinin baş verənlərin dərs olacağına ümid etdiyini də bildirib.

“ABŞ olayları bizdə təkrarlana bilər”

Braziliya Prezidenti Jair Bolsonaru isə bəyan edib ki, seçkilərdə səslərin sayılmasına qarşı inamsızlıq Konqresə izdihamlı hücuma səbəb olub. O, eyni şeyin ölkəsində də baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bolsonaru namizədliyini irəli sürməyi planlaşdırdığı 2022-ci il prezident seçkilərində çap bülletenlərinin bərpa edilməsinin tərəfdarı olduğunu deyib: “Braziliyada elektron səsvermə varsa, eyni hal yaşanacaq. Bu işdə bir dələduzluq var. Səsvermənin nəticələrini yoxlamaq üçün 2022-ci ildə bülleten çap etdirməsək, ABŞ-dan daha böyük problemlərimiz olacaq”.

“ABŞ daxilində müəyyən güclərin səhnəarxası mübarizəsi gedir”

Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov vurğulayıb ki, ABŞ tarixində ilk dəfə baş verən hadisələri birmənalı olaraq Trampın adı ilə bağlamaq olar. Ekspertin fikrincə, prezidentin tərəfdarlarının dinc mitinqdən radikal aksiyaya keçməsi seçki sistemində ciddi islahata ehtiyac olduğunu göstərir:

“Amerikada seçkilər digər ölkələrdən fərqlidir. Orada prezident seçki komissiyası tərəfindən seçilir ki, bu da artıq köhnə üsuldur. Digər tərəfdən ABŞ daxilində müəyyən güclərin səhnəarxası mübarizəsi gedir. Qlobalistlər və anti-qlobalistlər, eləcə də digər qruplar ölkə siyasətinə kifayət qədər ciddi təsir etmək imkanına malikdirlər və görünməyən qüvvələrdir.

Onların bəzisi Trampı, bəzisi isə Co Baydeni dəstəkləyirdilər. Əslində səhnə arxasındakı əsas gücün məqsədi nəyin bahasına olur-olsun Trampın növbəti dəfə seçilməsinə imkan verməməkdir.

Onlar ilkin mərhələdə Baydenin qalib gəlməsini, sonra isə onun yardımçısını, ilk qaradərili qadın vitse-prezident Kamala Harrisi hakimiyyətə gətirmək istəyirlər. Kamala Harrislə bağlı onların planları çoxdur, çünki bu qadın onların arzularının icraçısı qismində çıxış edəcək.

Hər halda Azərbaycan üçün Amerikada sabitliyin olması çox vacibdir. Çünki güclü ABŞ Cənubi Qafqazda müəyyən qüvvələr arasında tarazlıq deməkdir ki, bu da Qarabağın gələcək taleyi üçün çox vacibdir”.