Gələnlərimiz çox olacaq

Qarabağda tikiləcək aeroportlar ölkəyə həm də siyasi dividend gətirəcək

“Qarabağa xarici turistlərin, qonaqların gediş-gəlişinin rahat təşkili üçün kommunikasiyaların müasirləşdirilməsi ən vacib məsələdir”. 
Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Azər Badamov deyib. Deputat bildirib ki, Şuşaya avtomobil yolunun çəkiliş davam edir. Ötən gün isə Prezident İlham Əliyev Füzulidə, Laçın və ya Kəlbəcərdə beynəlxalq aeroportun tikiləcəyini və cari ildə istifadəyə veriləcəyini dedi:

“Füzuli, Laçın və ya Kəlbəcərdə tikiləcək beynəlxalq hava limanları xarici qonaqların, o cümlədən turistlərin ümumilikdə Qarabağa səfərlərini rahatlaşdıracaq. 30 il ərzində düşmən tapdağı altında qalan və tamamilə dağıdılan Qarabağ beynəlxalq ictimaiyyətin də diqqət və marağındadır.

Biz ilk növbədə xarici qonaqları işğaldan azad olunmuş ərazilərimizə cəlb etməklə onları Azərbaycan mədəniyyəti və tarixi ilə yaxından tanış edəcəyik. Eyni zamanda erməni barbarlığını və vandalizmini dünya ictimaiyyətinə çatdıracağıq.

Bu baxımdan Füzuli və digər rayonlarımızda tikiləcək aeroportların iqtisadi dividendlə yanaşı, böyük siyasi əhəmiyyətə malik olacağını düşünürəm”.