Şəhid ailələri və qazilərə dəstək ! – “Bu, sosial siyasətimizin əsasını təşkil edir”

“Yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin yaradılması Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğının parlaq nümunəsidir”.

Bu sözləri “Sherg.az” açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat vurğulayıb ki, şəhid ailələrinə, əlillərə, ümumiyyətlə sosial qayğıya ehtiyacı olan insanlara diqqət göstərilməsi ölkə başçısının apardığı sosial siyasətin əsas qayəsini təşkil edir: 

“Yeni yaradılmış ixtisaslaşmış şöbələr peşəkar şəkildə hər bir şəhidin, əlilin, veteranın problemləri ilə gündəlik məşğul olacaq. Müharibənin od-alovundan keçmiş insanların bəzilərinin psixikasında müəyyən dəyişikliklər baş verir. Onların əksəriyyəti gənclərdir. Ayrıca şöbələr onların məşğulluq məsələlərinin, rastlaşdıqları problemlərin həllində, cəmiyyətə inteqrasiya olunmasında əhəmiyyətli rol oynayacaq. Cənab Prezidentin bu təşəbbüsünü aparılan struktur islahatının tərkib hissəsi hesab edir və alqışlayıram”.