"Azərbaycan Moskva görüşünə güclü tərəf kimi gedir" - Politoloq

"Qarabağda heç bir silahlı erməninin qalmaması əsas müzakirə mövzusu olacaq"


Sabah Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılacaq.

Görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Danışıqlarda 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımların müzakirəsi gözlənilir.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a liderlərin sabaha gözlənilən təmasları ilə bağlı gözləntilərini  açıqlayıb. O, deyib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü məlum Bəyannamənin müzakirəsi və daha da konkretləşdirilməsinə gətirib çıxara bilər. İlk növbədə Azərbaycan üçün əsas olan dövlət sərhəddinin dəqiqi müəyyən olunması, Azərbaycan ərazisində heç bir silahlı erməninin qalmaması, Ermənistan rəsmilərinin qeyri-qanuni Xankəndinə gəlməsinin qarşısını almaq, həmçinin iqtisadi və nəqliyyat kommunikasiyaların açılmasıdır:

- Bundan əlavə sülhə gedən yolda problemləri həll etməkdir. Ermənistan bu kimi təklifləri qəbul edəcəksə, Azərbaycan əsirləri qaytara bilər. Ermənistanla kommunikasiyaların açılmasını reallaşdırıla bilər. Çox güman ki, bu kontekstdə müzakirələr gedəcək. Ola bilər ki, Azərbaycan Hadrutda əsir aldığı əsirləri qaytarsın. Bu Pasinyana qarşı daxili təzyiqləri yumşalda bilər. Bu da onun razılaşmalara gedəcəyi üçün bir güzəştdir. Status məsələsinə gəldikdə isə, bu məsələdə fikir ayrılıqları var. Azərbaycan və Rusiya tərəfindən bu məsələlər müzakirə ediləcək. Həmçinin sülhməramlı qüvvələrin fəaliyyətinin dəqiqələşməsi Moskva Bakı arasında müzakirə olunacaq. Amma, bu aspektdə müqavilə bağlanmayacaq . Bundan əlavə Rusiya tərəfi Azərbaycanı KTMT və Avrasiya İttifaqına üzv olmaq üçün dəvət edəcək. Hesab edirəm ki, bu görüşdən sonra ciddi bir nəticə ola bilər. Ermənistan rəsmiləri Qarabağa Azərbaycanın razılığı ilə gəlməsi razılaşdırila bilər. Həmçinin silahlı erməni birləşmələrinin Qarabağdan çəkilməsi razılaşdırılacaq. Azərbaycan bu görüşə güclü tərəf kimi gedir.

Turan