Türk jurnalist: “Qarabağ zəfəri türk dövlətlərini cəsarətləndirir” – Birlik güclənir ! 

“Artıq nələrsə dəyişməyə başlayıb. Türkiyə Azərbaycan qardaşlığı indi “ekiz qardaş” olaraq zirvəyə çatıb”

“Regionda bundan sonra yeni əməkdaşlıqlar meydana çıxacaq”

“Xüsusilə, türk birliyi daha da güclənərək siyasi-hərbi-iqtisadi bir ittifaqa çevriləcək”


Bu günlərdə türk saytlarının birində gözümə sataşan və  “8 noyabr tarixində Azərbaycan türkləri şəhid verərək qanla, qürurla, alın təri ilə, əl əməyi ilə Qarabağın mənəvi və qədim paytaxtı Şuşanı azad etdi” cümlələri ilə başlayan bir məqaləni maraqla oxudum. Müəllif Şuşa zəfərinin tarixi əhəmiyyətindən və bunun gələcək üçün vəd etdiyi perspektivlərdən yazmışdı. Qarabağ məsələsini bu qədər dəqiq bilməyinə heyran qaldım və belə bir adamla konkret mövzu ətrafında müzakirələr aparmağı qərara aldım.

Nəticədə, həmin yazının müəllifi, jurnalist, “Yeni birlik” qəzetinin əməkdaşı Güngör Yavuzaslanla əlaqə saxladım.
O, “Sherg.az” ın suallarını cavablandırarkən tarixi biliklərini və jurnalist peşəkarlığını bir daha ortaya qoydu:

-Azərbaycandakı hadisələri haradan izləyirdiniz?

- Bütün türk dünyası, o cümlədən Azərbaycandakı hadisələri həmişə həmin ölkələrin rəsmi qaynaqlarından, eyni zamanda etibarlı media qurumlarından izləyirəm. Bu dəfə də elə etdim. Həmçinin Azərbaycanda tanıdığım jurnalistlər, siyasətçilərlə müntəzəm əlaqə saxlayır, onlardan xəbər alırdım.

- Bildiyiniz kimi, 44 günlük müharibə dövründə türk jurnalistlər də Azərbaycanda oldular, reportajlar hazırladılar. Bunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Bakı və Ankara İstiqlal savaşı müddətində bir dövlət, iki millət kimi hərəkət etdilər. Habelə iki ölkənin jurnalistləri də birlikdə -eyni məqsəd uğrunda çalışdılar. Hələ sentyabrın 27-də Azərbaycan ordusu əks-hücuma keçəndə Türkiyə mediası SOS siqnalı ilə materiallar verməyə, bu hadisəni manşetlərə çıxarmağa başladı. Bir çox xəbər kanalı müxbirlərini o gecə Bakıya göndərdi. Həmkarlarımız “isti” hadisələri yerindəcə Türkiyəyə və bütün dünyaya nümayiş etdirdilər. Xüsusilə Gəncəyə raket atılan gecə xəbər kanalları fasiləsiz yayımda oldular. Əsgərlər hərbi əməliyyatlarda döyüşəndə türk jurnalistlət azərbaycanlı qələm yoldaşları ilə informasiya cəbhəsində mübarizə apardılar.

-Bəs həmin günlərdə yerli mətbuat nələr yazırdı?

-Türk jurnalistlər bu müddətdə təkcə cəbhə xəttindəki yenilikləri işıqlandırmaqla kifayətlənmədilər. Həm də diplomatik müstəvidəki addımları, dəyişiklikləri xəbərləşdirdilər. Xüsusilə rayonların azad olunması barədə məlumatı, demək olar, eyni vaxtda verdik. Həmçinin Azərbaycan prezidenti İlham Əliyevin açıqlamaları canlı yayımlarda təqdim edildi. Tanınmış köşə yazarları Qarabağ məsələsinə dair müntəzəm yazılar yazdılar. Elə mən özüm də bu barədə bir neçə məqalə, o cümlədən “Bir bayram səhəri Can Azərbaycan”, “Şuşa zəfəri və tənzimləyici güc Türkiyə” sərlövhəli təhlillər qələmə aldım. Hətta “Bir dastandır Azərbaycan” adlı şeir də yazdım. Həmin şeirin son misraları belədir:

-“Səs verdi can Azərbaycana Türkiyə,
Yazılar dastanlar indi yenidən Xəzərə”. 

Bir sözlə, türk mediası hadisələrə daim Azərbaycanın baxış bucağından yanaşdı.

-Gələcəkdə Azərbaycan- Türkiyə ortaq media quruluşunun yaradılması ilə bağlı fikirləriniz necədir?

-İsmayıl bəy Qaspiralının “Dildə, fikirdə, işdə birlik” şüarını ilk dəfə Türkiyə və Azərbaycan reallaşdıracaq. Əslində dediyiniz addımı atmaq üçün gecikmişik. Odur ki, təşəbbüsü mümkün qədər tezləşdirməliyik. Türk dünyasının güclü bir televiziyası və media orqanları yaradılmalıdır. Ortaq platforma bunun üçün təməl olacaq.

-Belə hadisələrdə informasiya müharibəsinin rolu nədən ibarətdir?

-Müasir dünyada xəbər özü belə, hətta iki cəbhədə gedir-peşəkar mətbuatda və sosial mediada. Bu, daha çox ictimai rəyi formalaşdırmaq üçündür. Azərbaycan məlumatları paylaşarkən bir qayda olaraq rəsmi qurumlara istinad etdi. Həmçinin Türkiyə ilə Azərbaycanın müvafiq qurumlarının, rəsmilərinin ortaq fəaliyyəti də bir media uğuru kimi tarixə düşdü. Saysız-hesabsız xəbərlər, reportajlar hazırlandı. Bakıdakı xarici jurnalistlərin cəbhə xəttinə və Gəncəyə aparılması ilə düşmən ifşa edildi.  Ermənistan isə kifayət qədər media özülünə sahib olmadığına görə, rus və Qərb jurnalistikasından dəstək aldı.

-Bildiyiniz kimi, Ermənistan tərəfi ard-arda dezinformasiyalar yayırdı. Bir mütəxəssis kimi onlara cavabınız nədir?

-Düşmənin yalanları yeni deyil. Onlar daim işğal faktoru ilə bağlı yalanlar, Türkiyə əleyhinə iddialar səsləndiriblər. Ermənilərin bu işi görmək üçün müəyyən büdcələri var. Lakin dezinformasiyalar bu dəfə nəticəsiz qaldı. Hətta öz xalqlarını da inandıra bilmədilər. Çünki internet erasında informasiyanın sərhəddi yoxdur.  İnformasiya müharibəsində Azərbaycan qələbə qazandı. Çünki ancaq həqiqətləri yazdı.

-Tarixi zəfərimizi necə qiymətləndirirsiniz?

-Azərbaycan 28 ildir işğal altında olan torpaqlarını 44 gündə azad etdi. 1991-ci ildən başlayan və son aylaraddək davam edən status-kvonu Azərbaycan Türkiyənin verdiyi dəstəklə sona çatdırdı. Daha status-kvo yoxdur. Azərbaycan silahlı qüvvələri hərb meydanındakı uğurları ilə yanaşı, diplomatik müstəvidəki əsaslı addımları ilə üç rayonu bir güllə belə, atmadan geri aldı. Azərbaycan indi Qafqazda əsas gücdür. Ali Baş Komandan İlham Əliyevin ortaya qoyduğu liderlik davranışları sanki müasir dövrün Oğuz xan nümunəsi idi.

-Sizcə, bundan sonra regionda nələr dəyişəcək?

-Artıq nələrsə dəyişməyə başlayıb. Türkiyə Azərbaycan qardaşlığı indi “ekiz qardaş” olaraq zirvəyə çatıb. Regionda bundan sonra yeni əməkdaşlıqlar meydana çıxacaq. Xüsusilə, türk birliyi daha da güclənərək siyasi-hərbi-iqtisadi bir ittifaqa çevriləcək. Türkiyə və Azərbaycanın ortaya qoyduğu zəfər digər müstəqil türk dövlətlərinə də cəsarət verəcək.