Şəhid xüsusi təyinatlının həyat yoldaşı: “İki dəfə danışdıq və dedi ki...”

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsi və qələbəmiz haqqında nə qədər danışsaq azdır. Lakin bu savaşın da, zəfərin də öz yazarları var.

Onların mürəkkəbi qan, lövhələri Vətən torpağıdır. Şəhidlərimizdən danışıram, cənnət ətirli oğullarımızdan. Bəlkə, hər birinin tək-tək adı yadımızda deyil. Hər halda şəhadətə qovuşan oğullarımızın içərisində neçə-neçə Orxanımız, Anarımız, Mübarizimiz, Poladımız ...var. Əslində kim idilər, həyatda necə insan olublar bilmirik. İgidlərimiz haqqında tək məlumatımız Vətən sevgiləridir. 

Biz də "Sherg.az" olaraq savaşçılarımızın həyatını, ailəsini öyrənir, onları xalqa tanıtmağa çalışırıq. Növbəti dəfə oxucularmıza şəhid Mahir Paşayev haqqında məlumat verəcəyik.   

Mahir Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarından biridir. O, “N” saylı hərbi hissədə kiçik çavuş vəzifəsində çalışıb. Həm Aprel savaşı, həm də “Tovuz” döyüşlərində iştirak edib. Son olaraq Vətən müharibəsinə yollanan Mahir oktyabrın 9-u Hadrutu işğaldan azad edib, Cəbrayıla doğru irəliləyəndə şəhidlik zirvəsinə ucalıb.

Gəlin, şəhidimizin cəbhə yolu və qəhrəmanlıqlarını  onun ömür-gün yoldaşı Xanım Paşayevadan öyrənək.

 
- Mahir yaddaşınızda necə qalıb?

- Biz bir il beş aydır ki, ailəliydik. Amma o mənə illərin sevincini bağışladı. Qadın xoşbəxtliyimi Mahirlə tapdım. Çox gözəl xatirələrimiz var. Düzdür, az müddəti bir yerdə keçirdik. Yenə də ən xoşbəxt günlərimdi. Mahir ürəyi təmiz, həyatı sevər insan idi. Mələk kimi adamdı...

- Bir hərbçinin, hələ xüsusi təyinatlının həyat yoldaşı olmağın hansı çətinlikləri vardı?

- XTQ-də xidmət edən bir igidin xanımı olmaq həm şərəflidir, həm də çətin. Məsələn həftələrlə, aylarla ayrı qalırdıq. Darıxırdım, evə gələnə qədər onun üçün narahat olurdum.

- Deyirlər, xüsusi təyinatlılar güclü olmaqla yanaşı həm də soyuqqanlıdırlar. Əlbəttə, bu xüsusiyyətləri işlərində özünü göstərir. Bəs yoldaşınız sivil həyatda necə insan idi?

- O, evdə gülərüz, şən, mehriban idi. Deddiyiniz kimi, işlərinə məsulliyyətlə yanaşırlar, o zaman ciddi olurlar. Amma Mahir qəlbi təmiz, xeyirxah insandı.

- Hərbçi olmağa necə qərar vermişdi?

- O, xidmətdən artıq hərbi qulluqçu idi. Vətəninə, bayrağına çox bağlıydı. Əsgərlikdə seçilib, hərbi xidmətdə qalmışdı.

- Heç işindən danışırdımı?

-Məxvi olduğu üçün bəhs etmirdi.Tək bir söz deyirdi ki, hərbçi olmaq, bu formanı geyinmək çox məsuliyyətli və şərəflidir.

-Bəs asudə vaxtlarını necə keçirirdi? Məsələn hansı filmləri, musiqiləri sevirdi?

-Xoşladığı filmlər çoxdur. Amma əsasən H.z Yusifin kinosunu izləyirdi. Ancaq dini mahnılar dinləyirdi. Evdə boş oturmağı sevmirdi. Gəzmək, idman etmək, deyib-gülmək istəyirdi. Özünə məşğuliyyət axtarırdı.

-Sonuncu söhbətiniz nə vaxt oldu?

-Yoldaşım sentyabrın 26-ı getdi. Oktyabrın 5-i iki dəfə danışdıq. Hər dəfə fəxrlə deyirdi ki, torpaqlarımızı azad edəcəyik. Səni də ora aparacam. Şuşa məscidində namaz qılmağı arzulayırdı.Amma şəhidliyi də arzu edirdi. Deyirdi, bu uca zirvə hər adama qismət olmur.

- Şəhadətindən sonra onun döyüş yolu, şücaəti haqqında nələr eşitdiniz?

- Onu tanıyanlar, yaxın dostları, iş yoldaşları deyir ki, Mahir çox mərd olub, igidlik göstərib. Döyüşdə özünü qabağa atıb, qorxmayıb.

- Mahirsiz həyata sizin üçün necə davam edir?

- Onsuz yaşamaq çox çətindir, sözlərlə ifadə edə bilmərəm. Mahirsiz bir günü belə təsəvvür etmirdim. Lakin sonsuz həsrətim oldu...