Gözlər Moskvada ! - Narahatlıq doğuran bəyanat: Minsk qrupu qayıdır? - ŞƏRH

“Bu qrupun vasitəçiliyi nəticə verməyib. Onun vasitəçiliyindən imtina etməliyik”

“Məsələyə birdəfəlik son qoyulmalıdır. Çünki Minsk qrupunun geri qayıtmasını Ermənistan tərəfi istəyir”

“Onlar hesab edirlər ki, Minsk qrupu gələcəkdə Qarabağın statusu ilə bağlı məsələni həll edə bilər”


Bu gün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada üçtərəfli görüş baş tutub. Görüşdə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın reallaşması üzrə gedişat və regiondakı problemlərin həlli üçün sonrakı addımlar müzakirə edilib.
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağ üzrə nizamlanmanın əsas istiqamətləri ilə bağlı yeni addımları müzakirə etməyi təklif edib. V. Putin deyib ki, Qarabağ üzrə razılaşma ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır:

“Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, üçtərəfli bəyanat ardıcıllıqla həyata keçirilir. Əminik ki, bu, münaqişənin uzunmüddətli və tamformatlı, Azərbaycan və erməni xalqlarının maraqlarına uyğun ədalətli həllinə zəmin yaradır”.

Rusiya Prezidenti Dağlıq Qarabağda vəziyyətin sakit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb.
V. Putin bildirib ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı: “Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”.

Rusiya lideri qeyd edib ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir. “Nəzərdə tutulur ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq”.

Moskva görüşü “Sherg.az” şərh edən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, yeganə narahatlıq doğuran bəyanat ATƏT-in Minsk qrupunun vasitəçiliyinin gündəmdə olmasıdır:

“Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələyə dair mövqeyini daha açıq şəkildə çatdırılmalıdır. Təcrübədən irəli gələn bir məqam var: Minsk qrupunun vasitəçiliyi bu günə qədər hansısa nəticə verməyib. Ona görə də bu qurumun vasitəçiliyindən imtina etməliyik. Məsələyə birdəfəlik son qoyulmalıdır. Çünki Minsk qrupunun geri qayıtmasını Ermənistan tərəfi istəyir. Onlar hesab edirlər ki, Minsk qrupu gələcəkdə Qarabağın statusu ilə bağlı məsələni həll edə bilər”.

T.Zülfüqarovun fikrincə, hələ ki, bölgədə iqtisadi inkişaf mümkün deyil:

“Çünki Ermənistanın silahlı qüvvələri, həmçinin bölgədəki qeyri-qanuni birləşmələr tərki-silah edilməlidir. Budan sonra hansısa iqtisadi dirçəlişdən danışa bilərik. Əks halda iqtisadi inkişafdan danışmaq real deyil”.