Qohum evliliyinin daha bir TƏHLÜKƏSİ ÜZƏ ÇIXDI

"Bu, uşaqlarda anadangəlmə ürəkqüsurlu olmasının ən böyük səbəblərindən biridir"


Anadangəlmə ürək xəstəliklərinin bəziləri ailənin ilk anda fərq edəcəyi bir əlamət göstərmir. Bu zaman ancaq pediatr müayinə sayəsində onda ürək xəstəliyinin olmasından şübhələnərsə, uşaq kardioloquna yönləndirilir. Əksər hallarda valideynlər tərəfindən uşaqlarda ürək-damar sistemi xəstəliyi simptomlarına lazımi diqqət yetirilmir. Uşaqlarda rast gəlinən hansı simptomlar bu xəstəliyin göstəricisi ola bilər? Uşaq ilk olaraq nə zaman kardioloji müayinə edilə bilər? 



Suallarımızı cavablandıran uşaq kardioloqu həkim Elnur İmanov "Şərq"ə açıqlamasında bildirib ki, uşaq kardioloji işi ilk olaraq hamiləlik dövründə başlayır:

"Niyə hamiləlik dövründə olur? Çünki ana bətnində uşaqda ilk əmələ gələn orqan ürəkdir. O ən gec 9 həftədən sonra formalaşmağa başlayır. Və 16-cı həftədən sonra artıq uşaq kardioloqları ilk inkişaf edən orqanın quruluşunu anatomik olaraq incələyə bilir. Bu müddətdən sonra ginekoloqa gərəkli məlumatlar verilir. Hansı hamilələr uşaq kardioloquna müraciət etməlidir? Biz onlara riskli daşıyıcı hamilələr deyirik. Onlar kimlərdir? Ən riskli faktora daxil olan qohum evlilikləridir.

Qohum evliliyi maləsəf uşaqlarda anadangəlmə ürəkqüsurlu olmasının ən böyük səbəblərindən biridir. İkinci faktor isə qadınların erkən ailə qurmasıdır. Təəssüf ki, Azərbaycanda bəzən yetkinlik yaşına çatmamış gənc qızların ailə qurmasına rast gəlinir.

Onların da uşaqları risk qrupuna aid edilirlər. Bundan başqa gec hamiləliklər. Gec hamiləlik dedikdə, əsasən 35 yaşdan yuxarı şəxslər nəzərdə tutulur. Həmçinin, hamiləlik dönəmi arasındakı fərq 5 ildən çox olduqda da bu faktorlara rast gəlinir.

Bunun səbəbi isə ananın bir çox virus infeksiya xəstəliklərinə tutulması ilə əlaqədardır. Ümumiyyətlə, valideynlərə tövsiyə edərdim ki, uşaqlara daim diqqət yetirsinlər.

Əgər uşaqlarda təngnəfəslik, tez yorulma, oynaq ağrıları və sair kimi hallar olarsa, mütləq həkimə müraciət etsinlər. Bu kimi hallar uşaqlarda 6 aylığından sonra da başlaya bilər. Ona görə də valideynlər son dərəcə bu işdə diqqətli olmalıdırlar.

Çünki vaxtında qoyulan diaqnoz və edilən müalicə uşaqların tam sağlam olmasına zəmin yaradır. Ən başlıcası isə hər bir valideynə tövsiyə edərdim ki, uşaqlarını xoşbəxt və gülərüz bir mühitdə böyütsünlər".