Vəzifəyə vicdanlı adamlar gətirilir

Qarabağ qazisi və şəhid ailəsinin üzvü bu xalqı "YAŞAT"maq gücündədir

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna ("YAŞAT" Fondu) rəhbər təyin edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub. Fondun müdir müavini vəzifəsi isə Rəbiyyə Cəfərovaya həvalə edilib. O, əvvəllər "ASAN Könüllüləri" Təşkilatının sədr müavini, daha sonra "ASAN məktub" layihəsinin rəhbəri vəzifəsində işləyib. Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu isə "YAŞAT" Fondunda məsul vəzifəyə təyin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.



Bu təşəbbüsü müsbət dəyərləndirən siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, şəhid ailə üzvlərinin və qazilərin bu işə cəlb olunması  atılan ən düzgün addımlar biridir. Ekspert qeyd edib ki, üzvlərə baxdıqdan sonra, fondun şəffaf işləyəcəyinə heç bir şübhə yoxdur:

"Çünki şəhid ailələri və qazilərin hər biri yaxşı bilir ki, onların qayğıları nədir. Yəni bunlar sadəcə olaraq, adi bir məmur kimi problemləri dinləyib və öyrənməyəcəklər.

Eyni zamanda özləri də həmin hissləri yaşadığına görə, onları yaxşı başa düşəcəklər. Bildiyimiz kimi, "YAŞAT" Fondu yalnız şəhid ailələrinə və əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara yardım etmək məqsədilə yaradılıb.

Ona görə də burada vicdanlı yanaşma müşahidə edəcəyik. Yəni onlara müraciət edən şəhid ailəsinin üzvünün və qazilərimzin problemlərini öz problemləri kimi qəbul edəcəklər.

Təbii ki, bir insan problemi həll etmək üçün ürəkdən çalışarsa, o öz müsbət həllini tezliklə tapar. Düşünürəm ki, çox gözəl və uyğun yanaşmadır".