Yüksək səviyyəli rəsmilərin görüşü başlayır

"Hazırkı müsbət dinamika Azərbaycan-Pakistan münasibətlərinin yaxşı perspektivi olduğunu deməyə əsas verir"

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən "Şərq"ə verilən məlumata görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, 14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən siyasi-şərhçi Nurlan Qələndərli  bildirib ki, dünya siyasətində nüfuzlu aktor kimi tanınan, müasir beynəlxalq münasibətlər sisteminin güc iyerarxiyasında mütəmadi yüksəlişə malik Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Politoloq qeyd edib ki, bu kontekstdə dost, qardaş və strateji tərəfdaş olan Pakistanla müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir:

"Azərbaycan-Pakistan münasibətləri qlobal önəm daşıyır. Qarşılıqlı etimad mühiti münasibətlərin inkişafına xidmət edən strateji faktor kimi çıxış edir. İki dövlətin əlaqələlərinin inkişafına, xalqlararası inteqrasiyanın intensiv xarakter daşımasına təsir edən digər bir sıra amillər də mövcuddur. Məsələn,  Azərbaycan və Pakistan terrorizmə, islamofobiyaya qarşı qətiyyətli mübarizə aparırlar. Multikulturalizmin, tolerantlığın təbliği, sivilizasiyalararası dialoqun təşviqi tərəflərin strateji kursunun mühüm tərkib hissəsini təşkil edir”. 

Onun sözlərinə görə, ən mühüm məqamlardan biri budur ki, hər iki ölkə beynəlxalq arenada bir-birinə ciddi dəstək göstərir ki, bu da münasibətlərin yeni keyfiyyət çalarları ilə zənginləşməsi, regional, qlobal xarakterli proseslərə təsir baxımından əhəmiyyətlidir: 

“44 günlük müharibə çərçivəsində Pakistanın Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək göstərməsi isə bu kontekstdə xüsusi vurğulanmalıdır. Hazırkı müsbət dinamika Azərbaycan-Pakistan münasibətlərinin yaxşı perspektivi olduğunu deməyə əsas verir".